Accessibility links

ABŞ səfiri Şəkiyə gedib


ABŞ səfiri Robert Sekuta
ABŞ səfiri Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Şəkiyə səfər edib.

APA agentliyinin məlumatına görə, səfir və onu müşayiət edənlər Şəkinin tarixi məkanlarına baş çəkib, mətbəxi ilə tanış olublar. Tanışlıq “Sənətkarlar evi”ndən başlayıb. Burada amerikalı diplomata tarixi şəbəkə sənəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırlanmasında heç bir mismardan və yapışqandan istifadə olunmayan bu xalq sənəti dünyada yalnız Şəki sənətkarlarına məxsusdur və nəsildən-nəslə yadigar olaraq ötürülür.

Robert Sekuta Tarix Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti Muzeyinə də baş çəkib. Məlumat verilib ki, bu muzeydə Şəki ərazisində tarixən və bu gün aparılan arxeoloji qazıntı işləri zamanı əldə edilən tarix-mədəniyyət nümunələri nümayiş etdirilir. Eyni zamanda səfirə Şəkinin elm və sənət adamları barədə də ətraflı məlumat verilib.

Daha sonra amerikalı diplomat dünya memarlıq incisi sayılan Şəki Xan Sarayına gedib. Sarayın həyətində yaşı yarım əsrə çatan çinarlar haqqında məlumat alan qonaq tarixi abidəni gəzib.

Robert Sekuta jurnalistlərlə söhbətində bu qədim diyara gəlişindən məmnun qaldığını ifadə edib. O, Azərbaycanla bəzi Avropa institutları arasında münasibətlərin gərginləşməsi barədə suala cavab verməyib.

“Bu məsələyə etik baxımdan cavab vermək səlahiyyətində deyiləm. Lakin ABŞ-ın Azərbaycanda səfiri olaraq hər zaman iki dövlət arasında münasibətlərin yüksək səviyyədə qurulmasına, Azərbaycanın daha güclü dövlət kimi tanınmasına, əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bütün sahələrdə münasibətlərin inkişafına nail olmağa çalışıram”.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra səfir Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

Amerika səfirliyi səfir Robert Sekutanın səfəri ilə bağlı hələ ətraflı məlumat yaymayıb.

XS
SM
MD
LG