Yardım agentlikləri apreldə gözlənilən musson mövsümündən öncə Banqladeşdəki yüz minlərlə Rohinca qaçqınını qorumağa çalışır.
Myanmadakı zorakılıqlardan qaçan təxminən 700 min Rohinca qaçqını Banqladeşin Koks Bazar vilayətində izdihamlı, pis şəraitdə yaşayır. BMT-nin Miqrasiya İdarəsinin sözçüsü Coel Milman deyir ki, onların bambuq və plastik brezentdən düzəldilən sığınacaqları qarşıdan gələn mussonun təhlükələrinə davam gətirə bilməz.
“Bir çox insan təpə yamaclarında təhlükəli şəraitdə yaşayır. Bir neçə həftə sonra ağır leysan və siklon küləyi riski olduğu üçün, bu insanlara sığınacaqlarını möhkəmləndirmələrinə və təhlükəli torpaq sürüşməsi ehtimalını azaltmaq üçün torpağı möhkəmləndirmələrinə yardım etmək üçün təcili hərəkətə keçmək lazımdır,” deyə o bildirib.
Milman deyib ki, onun agentliyi düşərgələr və yerli icmalardakı 120 min ailəyə sığınacaqlarını yaxşılaşdırmaq məqsədilə davamlı materiallar paylamaq üçün böyük əməliyyat başladıb. O deyib ki, hər kəsi təhlükəsiz yerlə təmin etmək mümkün olmasa da, insanların yaşayış mühitinə mümkün zərərləri azaltmaq mümkün olacaq.
BMT-nin uşaq fondu UNICEF həmçinin daşqın və torpaq sürüşməsi təhlükəsi ilə üzləşən əhalini, xüsusilə də 60 min uşağı qorumaq üçün hazırlıqlar görür. UNICEF-in sözçüsü Kristof Bulierak deyir ki, su kəməri və kanalizasiya infrastrukturunun mümkün zərərləri böyük narahatlıq doğurur.
Suyun sanitariya riskinin uşaqların səhhətinə birbaşa təsiri var, çünki uşaqlar diareya və vəba kimi suyun yaratdığı xəstəliklərə yoluxmaq riskinə daha açıq olurlar. Balaca uşaqlar həm də düşərgələrin bəzi yerlərində seldə boğulmaq riski ilə üzləşirlər, xüsusilə də tək başına oynadıqları zaman,” o deyib.
Bulierak deyib ki, musson və siklon mövsümü zamanı xəstəlik riski ilə ən çox uşaqlar üzləşəcək. Onun dediyinə görə, bu gənc həyatları qorumaq üçün UNICEF səyyar tibbi komandalar, habelə kəskin diareya və vəba hallarının müalicəsi üçün müalicə mərkəzləri təsis edib.