Accessibility links

Roland Kobia: Azərbaycan beynəlxalq öhdəlikləri yerinə yetirməlidir


Aİ-nin Bakı nümayəndəliyinə Avropa Gününün 62-ci ildönümünə və Aİ-nin Azərbaycan üzrə Tərəqqi hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir, halbuki bu, daha da yaxşı ola bilərdi. Bu Aİ-nin Bakıdakı diplomatik missiyasının rəhbəri səfir Rolan Kobianın bugünkü mətbuat konfransının əsas mövzusu olub.
Tədbir mayın 9-da qeyd olunan Avropa Gününün (Şuman bəyannaməsi) 62-ci ildönümünə, həmçinin Aİ-nin Azərbaycan üzrə Tərəqqi hesabatının təqdimatına həsr olunub.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonun xüsusi müraciətini şərh edən səfir deyib ki, bu illər ərzində Aİ-nin əsas prioritetləri və dəyərləri dəyişməz qalıb: bu siyasi, iqtisadi və sosial islahatlardır.
27 üzv ölkədən ibarət vahid ailə insan haqları, demokratiya, ümumi azadlıqlar kimi fundamental dəyərlərə əsaslanır.
İqtisadiyyat sahəsində bu prioritetlər azad, liberal, inhisarsız bazardır. Sosial sahədə həyat səviyyəsinin yüksəldilməsi cəhdidir.
Azərbaycana dair Tərəqqi hesabatından danışan səfir qeyd edib ki, ötən ildə bir sıra müsbət dəyişikliklər qeydə alınıb, məsələn, yoxsulluğun səviyyəsinin azaldılması, makroiqtisadi sabitlik, Gömrük Məcəlləsinin qəbulu, maliyyə sabitliyi və bank zəmanətlərinin səviyyəsinin artırılması, viza rejiminin sadələşdirilməsi üzrə məsləhətlərin başlanması, mütəşəkkil cinayətkarlıq, terrorizm və pulların yuyulmasına qarşı mübarizə, penitensiar sistemdə infrastrukturun yaxşılaşdırılması və s.
Mənfi məqamlar sırasında Aİ insan hüquqlarına əməl olunmamasını qeyd edir, demokratikləşmə yönündə islahatların, məhkəmə sisteminin müstəqilliyinin təmin olunmasının vacibliyini bildirir.
Narahatlığa səbəb olan digər mövzu vətəndaşların evlərinin sökülməsi, onların öz mənzillərindən zorla çıxarılmasıdır. “Biz başa düşürük ki, bu cür proseslər bütün ölkələrdə var, lakin bu, ədalətə əsaslanmalı, şəffaf həyata keçirilməlidir”, - o vurğulayıb.
Həmçinin toplaşma azadlığı, birliklər və QHT-lərin qeydiyyatı sahəsində vəziyyətin yaxşılaşdırılması lazımdır.
KİV-in fəaliyyəti üçün atmosfer və şərait lazımdır. Elə şərait olmalıdır ki, adamlar öz fikirlərini söyləməkdən çəkinməsinlər.
Korrupsiyaya qarşı mübarizə sahəsində daha ciddi nəticələr əldə olunmalıdır.
Aİ iqtisadi sistemin liberallaşdırılması, inhisarların ləğvi, biznesin şəffaflığı sahəsində struktur dəyişikliklərinin vacibliyini qeyd edib.
Nəhayt, Aİ Azərbaycanın ÜTT-yə daxil olmasında irəliləyiş və ciddi addımların atılmasını gözləyir.
“İnanıram ki, bu tövsiyələr sözügedən sahələrdə tərəqqiyə nail olunmasına imkan verəcək”, - Rolan Kobia bildirib.

Səfir hesab edir ki, hökumətin siyasi iradəsi olarsa, Azərbaycanda mövcud problemləri həll etmək mümkündür.

“Aİ və Azərbaycan arasında normal əməkdaşlıq prosesi gedir və biz dialoq aparırıq. Bu olmadığı halda isə Aİ daha sərt mövqe tuta bilər, Belarusla bağlı olduğu kimi, indi isə Ukraynaya da suallar var, - deyə o bildirib.
“Son həftələr Azərbaycanda bir sıra müsbət addımlar atılıb, məsələn, Bakının müxtəlif hissələrində müxalifətin mitinqlərinə icazə verilib və bu, nikbinlik doğurur və sıravi vətəndaşların ölkənin siyasi həyatında iştirak etmək istədiyini göstərir”, - deyə səfir qeyd edib.
“Bundan başqa, biz bulvarda mitinqlər və Avropa dəyərlərinə dəstək aksiyaları gördük. Bu da hakimiyyətin istədiyi halda Bakının mərkəzində mitinq və aksiyaların mümkün olduğundan xəbər verir”, - deyə cənab Kobia bildirib.
Bəzən qanunvericiliyin yaxşılaşdırılmasına ehtiyac olur, bəzən isə sadəcə mövcud olan qanunları tətbiq etmək kifayət edir. Məhz buna görə Aİ məhkəmə sisteminin müstəqilliyini təmin etməyə çağırır, deyə diplomat bildirib.
İlham Əliyevin heç kimin Azərbaycana nəyi necə etmək göstərişi vermək haqqı olmaması barədə sözlərini necə qiymətləndirməsi haqda suala cavabda Kobia deyib ki, bununla tamamilə razıdır.
“Azərbaycan suveren ölkədir və heç kim ona nə etməli olduğu haqda göstəriş verə bilməz, beynəlxalq öhdəlikləri ilə bağlı məsələlərdən başqa. Heç kim Azərbaycandan bu öhdəlikləri üzərinə götürməyi xahiş etməyib, onlar könüllü şəkildə qəbul edilib.
”Avropa Şurasına daxil olmaq və bu və ya digər hüquqi öhdəliklər götürmək millətin atası Heydər Əliyevin qərarı idi”, - deyə Kobia qeyd edib.

XS
SM
MD
LG