Accessibility links

Avropa Parlamenti Azərbaycanda insan hüquqlarını pozanlara sanksiya tətbiq edilməsini istəyir


Avropa Parlamenti Azərbaycandakı vəziyyət haqqında qətnamə qəbul edib

Mayın 24-də Avropa Parlamenti Azərbaycandakı vəziyyət haqqında qətnamə qəbul edib. Sənəddə hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarının pozulmasına yönəlmiş siyasəti tənqidə məruz qoyulub.
“Azərbaycanda ifadə və toplaşmaq azadlıqlarının pozulmasına yönəlmiş bütün əməllərə dərhal son qoyulmalıdır”, - deyə qətnamədə qeyd edilir.
“Eurovision” müsabiqəsinin Bakıda keçirilməsi hakimiyyətin demokratiya və insan hüquqları sahəsində qəbul etdiyi öhdəliklərə sadiqliyini nümayiş etdirməsi üçün imkan yaradır.
Jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı basqılar, hədələr və onların həbsi ilə bağlı məlumatlar fonunda Avropa Parlamenti Azərbaycan hakimiyyətini ifadə və toplaşmaq azadlıqlarına son qoymağa və qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır.
Avropa Parlamenti Azərbaycanı bütün hüquq sistemində islahatlara başlamağa çağırır və Crystal Hall zalının yerləşdiyi ərazidə müxtəlif inşaat layihələrinin həyata keçirilməsi üçün yüzlərlə vətəndaşın əmlakının əlindən alınmasını və evlərindən zorla çıxarılmasını pisləyir.

“Avropa Parlamenti Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Ketron Eştonu və Avropa Komissiyasını “Eurovision” müsabiqəsindən sonra Azərbaycandakı vəziyyəti müşahidə etməyə və Aİ üzvü olan ölkələri Azərbaycanda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır”, - deyə qətnamədə vurğulanır.

“Bakıda “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi keçirildiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanla bağlı qeyri-obyektiv sənəd qəbul etməsi yanlış, ədalətsiz, düşünülməmiş addımdır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev Avropa Parlamentinin qətnaməsini şərh edərkən bildirib.
“Ölkədəki vəziyyəti öyrənmədən Azərbaycanla bağlı hər hansı ümumi nəticələr və qiymətlər Avropa Parlamentinin qərəzsizliyini şübhə altına qoyur. Bu, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyan kiçik bir kampaniyadır”, - deyə cənab Abdullayev qeyd edib.
Onun fikrincə, Avropa Parlamenti əvvəlcə Avropadakı problemlərə, xüsusən antisemitizmə və islamofobiyaya qiymət verməli idi.
Azərbaycanda müxalifətin və KİV-in fəaliyyəti üçün Avropadakından heç də pis olmayan şərait yaradılıb, deyən Abdullayev heç kimin Azərbaycana təzyiq göstərə bilməyəcəyini əlavə edib.

XS
SM
MD
LG