Accessibility links

Rumıniyada prezident seçkisinin nəticələri açıqlanıb


Rumıniyanın sağ-mərkəzçi prezidenti Klaus İohannis bazar günü keçirilən seçkilərdə asanlıqla qələbə əldə edib. O, ölkədə korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyini vəd edib.

İohannis seçkilərdə 63%, Sosial Demokrat namizəd və keçmiş baş nazir Viorisa Dansila isə 37% səs toplayıb.

Prezident seçkilərdən sonra söyləyib:

"Bu qələbəni sevinc, minnətdarlıq, təvazökarlıq və Rumıniyaya inamla qarşılayıram. Bu axşam burada vəd edirəm ki, bütün rumınların prezidenti olacam. Həm mənə səs verənlərin, həm də səs verməyənlərin. Təşəkkür edirəm!"

Milli Liberal Partiyasının namizədi İohannis bu səsverməni "müasir Avropa" və "normal Rumıniya" üçün qazanc adlandırıb.

Keçən ay Dansila hökuməti parlament səsverməsini itirdikdən sonra devrilib. Hökumət Rumıniyada çoxdan problem olan korrupsiyaya görə ittiham olunurdu.

Dansila bildirib:

"Sosial Demokratlar 2016-cı ildə bizə səs verən Rumıniya vətəndaşlarının etimadını bərpa etdilər. Avropa Parlament seçkilərində (2019-cu il May) itirdiyimiz səsləri geri qazandıq. Mən ürəkdən inanıram ki, bugünkü səslərin sayı bizə kömək olacaq. Biz yerli və parlament seçkilərində qalib gəlmək üçün əlimizdən gələni edəcəyik."

Rumıniyada prezidentlik formal bir statusdur. Lakin prezident yenə də hərbi və xarici siyasətlə bağlı qərar vermək səlahiyyətinə malikdir və baş nazir postuna namizədləri rədd edə bilər.

XS
SM
MD
LG