Accessibility links

ARDNŞ prezidenti: 2017-ci ildə neft 80-90 dollar olacaq


ARDNŞ prezidenti Rövnəq Abdullayev
ARDNŞ prezidenti Rövnəq Abdullayev

2017-ci ildə neftin qiyməti 80-90 dollara qədər qalxacaq. Bu fikri bu gün jurnalistlərlə söhbətində ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

O, Azərbaycan dövlət büdcəsində 2016-cı il üçün neftin bir barelini 50 dollar nəzərdə tutulan proqnozları “normal” adlandırıb.

“2016-cı ildə ehtiyatlı olmaq lazımdır. Əvvəlki təmayüllərə baxsaq, görünür ki, neft bir neçə il bahalaşıb, sonra bir neçə il ucuzlaşıb. Ən azından, son 20 ildə belə olub”, Abdullayev bildirib.

Bu zaman o, İranın nüvə proqramı üzrə danışıqlardakı irəliləyişin neft qiymətlərinə təsir etməyəcəyini bildirib.

“İran neft istehsalını dayandırmamışdı, onun neftini ucuz qiymətə alırdılar. İndi isə İran açıq satışa keçəcək və düşünürəm ki, bu, bazara güclü təsir göstərməyəcək”, Abdullayev əlavə edib ki, bu, onun “subyektiv fikridir”.

ARDN prezidenti həmçinin İranın Transanadolu qaz kəmərində (TANAP) pay almaq istədiyini bildirib. Dövlət neft şirkətinin rəhbəri əlavə edib ki, ARDNŞ bu layihədə öz payının bir hissəsinin satışı haqqında təkliflərə baxmağa hazırdır.

“TANAP çox sərfəli layihədir. Buna görə başqa variantlara getmədən, yalnız öz payımızı sata bilərik. Sərfəli təklif olsa, onu müzakirə etməyə hazırıq”, Abullayev bildirib.

Onun sözlərinə görə, artıq təkliflər daxil olub.

“İrana qarşı sanksiyaların ləğvindən sonra TANAP-ın əhəmiyyəti xeyli artacaq. İran qaz hasilatı həcmini artıracaq, TANAP-dan başqa isə hələlik İran qazının beynəlxalq bazarlara çıxması üçün alternativ yoxdur”.

Xatırladaq ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqli məqsədilə tikilir.

Birinci mərhələdə qaz kəmərinin gücü ildə 16 mlrd. kubmetr təşkil edəcək, növbəti mərhələdə bu göstərici 31 mlrd. kubmetrə qədər artacaq. Qazın böyük hissəsi Transadriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya, 6 mlrd. kubmetr isə Türkiyəyə gedəcək.

Hazırda ARDNŞ-nin TANAP-da 58% payı var, 2015-ci il martın 13-də səhmdarlar arasına 12% payla Britaniyanın BP şirkəti daxil olub, bir müddət əvvəl 30%-lik payı Türkiyənin “Botas” şirkəti alıb.

İran TANAP-a qoşularsa, Avropaya qaz nəqli həcmi dəfələrlə arta bilər. Bundan başqa, çoxlarının səmərəsiz olduğuna görə “dəfn etdiyi” Nabucco layihəsi fəallaşar.

XS
SM
MD
LG