Accessibility links

Royalbankın əmanətçiləri etiraz edir


Royalbankın əmanətçiləri etiraz edir
Royalbankın əmanətçiləri etiraz edir

Əmanətçilər bankdakı əmanətlərini ala bilmir. Onlar bu gün Mərkəzi Bankın binası qarşısında aksiya keçirib

“Royalbank” keçmiş kommersiya bankının onlarla əmanətçisi aprelin 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında əmanətlərinin qaytarılması tələbi ilə aksiyası keçirib.

“Royalbank” iki il əvvəl AMB tərəfindən ləğv edilib. Həmin vaxt Əmanətlərin Sığortası Fondunun zəmanəti altına düşən əmanətlər qaytarılıb. Digər əmanətlərin qaytarılması AMB-nin xüsusi olaraq yaratdığı ləğv komissiyasına - Azerbaijan International Consulting Company-yə tapşırılıb

Lakin əmanətçilərin sözlərinə görə, bu komissiya əmanətlərin qaytarılmasını gecikdirərək, vətəndaşlara ildə ümumi məbləğin 2-5%-ni ödəyir.

Əmanətçilər ləğv qurumunun işindən narazıdırlar. Onlar hesab edir ki, Royalbank lisenziyası ləğv edilənə qədər kifayət qədər uğurlu idi və onun aktivləri bütün əmanətləri tamamilə qaytarmağa imkan verir.

“Qoy Mərkəzi Bank bankı bağladığı kimi bizim pullarımızı da qaytarsın”, deyə bank əmanətçilərindən biri, məşhur müğənni, Cənubi Azərbaycan əsilli Yaqub Zurufçu bildirib.

Əmanətləri qaytarılmayanların sayı 471 nəfər, onlara ödəniləcək məbləğ isə 40 milyon manata bərabərdir.

Əmanətçilər arasında onkoloji xəstələr var, onlar əmlaklarını sataraq, faizlə kimya terapiyası xərclərini ödəmək üçün pulu banka qoyublar.

Əmanətçilər hesab edirlər ki, vicdansız məmurların maxinasiyalarının qurbanı olublar.
Aksiya iştirakçıları AMB rəhbəri Elman Rüstəmovla görüş tələb edib. Lakin onların qarşısına çıxan AMB nümayəndəsi bildirib ki, Rüstəmov səfərdədir və yalnız cümə günü onları qəbul edə bilər.

Bu, məhkəmə qərarları olmasına baxmayaraq, iki ildən çoxdur pullarını ala bilməyən etirazçıların narazılığına səbəb olub.İnsanlar dağılmaqdan imtina ediblər. AMB qarşısına polis dəstəsi gəlib, lakin müdaxilə etməyib.

Sonradan AMB-dən aksiya iştirakçılarına zəng edərək, Rüstəmovun cümə axşamı onların nümayəndələrini qəbul edəcəyini söyləyiblər.

Bununla belə, 23 aprel saat 11.00-da etirazçılar Prezident Administrasiyasına gedib şikayət etmək niyyətindədirlər.

“Royalbank” 1993-cü ildən bank bazarında fəaliyyət göstərirdi. Əsas səhmdarı (kapitalda 44,5% iştirak) İran əsilli ABŞ vətəndaşı Əli Cam idi. 2012-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı Royalbank-ın “ümumi kapitalın minimum səviyyəsi və adekvatlığı ilə bağlı tələblərə riayət etməməsi, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi”, habelə Mərkəzi Bankın yazılı göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar onun lisenziyasını ləğv edib. Royalbank-ın lisenziyası ləğv edilməzdən əvvəl bir sıra qalmaqallar baş verib.

Xüsusən, Wikileaks şəbəkəsində ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin məxfi yazışmalarında bəzi Azərbaycan banklarının, o cümlədən Royalbank-n İrandan gələn çirkli pulların yuyulmasında iştirakı ilə bağlı şübhələrini paylaşmışdı.
XS
SM
MD
LG