Bu gün Tehranda Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt (İran)–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması və Azərbaycan ilə İran arasında dəmir yolu əlaqələrinin idarə olunmasına və genişləndirilməsinə dair iki Anlaşma Memorandumu imzalanıb.
AzərTAc agentliyinin məlumatına görə, birinci sənədi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, “Rusiya Dəmir Yolları” Açıqtipli Səhmdar Cəmiyyətinin rəisi Vladimir Yakunin, “İran Dəmir Yolları”nın baş direktoru Sahib Məhəmmədi imzalayıb. Doqquz maddədən ibarət memorandumda dəmir yolunun layihələndirilməsi, tikintisi, istismarı və yeni yaradılacaq Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəolunma mexanizmi əksini tapıb.
İkinci sənəd isə “Azərbaycan Dəmir Yolları” QSC ilə “İran Dəmir Yolları” arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur. Bu sənəd Azərbaycan ilə İran arasında dəmir yolları üzrə sərhəd-keçid sazişinin hazırlanması, saziş layihəsinin mətninin razılaşdırılması, texniki-iqtisadi məsələlərin həll edilməsi istiqamətində danışıqların aparılması və iki ölkə dəmir yolu mütəxəssislərinin təcrübə keçmələri barədə anlaşmalardan ibarətdir.