Accessibility links

"Rusiyanın mövqeyini gücləndirməsi Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağına işarədir" [Audio-Müsahibə]


Rüfət Abasov

“Yüksəliş Naminə” qəzetinin redaktoru Rüfət Abasov Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycanla Avropa institutları arasında mövcud olan problemlər və bu problemlərin regionun geosiyasi durumuna təsiri haqda danışıb.

"Rusiyanın regionda hərbi mövqelərini gücləndirməsi Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağına işarədir"
please wait

No media source currently available

0:00 0:26:56 0:00

Azərbaycan hökümətinin Avropa ilə münasibətlərini inkişaf etdirməkdə tərəddüd göstərməsinin səbəblərini iki kateqoriyaya ayıran jurnalist Rüfət Abasov bildirib ki, münasibətlərin gərginləşməsi əsasən 2015-ci ildən sonraya təsadüf edib. Onun sözlərinə görə, bunun iki əsas səbəbi var.

“Birinci səbəb geosiyasi proseslərlə bağlıdır. İkinci amil isə Azərbaycan hakimiyyətinin siyasi korporativ maraqlarıdır. Rusiya Krımı işğal etdikdən sonra Şərqi Avropada yaranmış böhran Azərbaycan hakimiyyətinə Avropa Birliyinə inteqrasiyadan yayınmaq üçün bir fürsət yaratdı. Azərbaycan hakimiyyəti cəmiyyətdə elə bir fikir yaratmağa çalışdı ki, guya Azərbaycan Avropa Birliyinə inteqrasiya etmək yolunu tutarsa Ukrayna, Gürcüstan kimi Azərbaycan da Rusiyanın hərbi təcavüzünə məruz qala bilər. Ona görə də total şəkildə vətəndaş cəmiyyəti institutlarına, müstəqil mediaya təzyiqlər daha da şiddətləndi.

Avropa İnsan Haqqları Məhkəməsinin qərarlarını icra etmək istəməməsi Azərbaycanın milli və strateji maraqlarına ziddir.

Rüfət Abasovun bildirdiyinə görə, son zamanlar Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistanın Avropa ilə yaxınlaşması prosesləri göstərir ki, Rusiyanın Azərbaycana təzyiqlərini artıracağı deyilənlərin heç bir ciddi əsası yox imiş.

“Münasibətlərdə yaranan problemlərin ikinci ən əsas səbəbi isə odur ki, Azərbaycanın son 8 ildir NATO və Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi, ölkədə azad seçki, müstəqil məhkəmə sisteminin qurulmaması, Avropa İnsan Haqqları Məhkəməsinin qərarlarını icra etmək istəməməsi Azərbaycanın milli və strateji maraqlarına ziddir. Bu da sonda ikitərəfli münasibətlərə öz mənfi təsirini göstərir.”

Prezident İlham Əliyev Brüsseldə
Prezident İlham Əliyev Brüsseldə

Ermənistan və Gürcüstanın Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi münasibətlərini genişləndirməsinin Azərbaycanın regiondakı iqtisadi gücünə necə təsir etməsi ilə bağlı sualımızı cavablandıran cənab Abasov qeyd edib ki, neft qiymətlərinin kəskin ucuzlaşması və ölkədə valyuta qıtlığının yaranması fonunda Azərbaycanın regiondakı iqtisadi gücünün gələcəyi o qədər də ürəkaçan görünmür.

“Azərbaycanın Qərblə iqtisadi münasibətləri əsasən enerji təhlükəsizliyi üzərində qurulub. Lakin, 2015-ci ildən bəri neft qiymətinin kəskin şəkildə ucuzlaşması Azərbaycan iqtisadiyyatına öz mənfi təsirini göstərərək, bir neft ölkəsi kimi dünyada iqtisadi-siyasi gücünə əhəmiyyətli zərbə vurub.

Azərbaycan qrantlar haqqında qanuna məhdudiyyətlər yaratmaqla ölkənin zəifləməkdə olan iqtisadi gücünü daha da zəiflədir

Bundan əlavə, Azərbaycanda ardıcıl iki dəfə devalvasiya baş versə də, hökümət iqtisadiyyatda liberal islahatlar etməyə səy göstərmir. 2016-cı ildə Beynəlxalq Valyuta Fondu Azərbaycana 4 milyard dollarlıq kredit verməyə razı olmasına baxmayaraq Azərbaycan bundan yayındı. Çünki, Azərbaycan BVF-nin ölkə qarşısında qoyduğu öhdəliklərdən ən vacibi maliyyə şəffaflığı prinsipi qəbul etmək istəmədi. Azərbaycanın qeyri-şəffaf üsullardan istifadə etməyə can atması iqtisadiyyatın inkişafına mane olan ən əsas səbəblərdəndir.”

“Yüksəliş naminə” qəzetinin redaktoru onu da əlavə edib ki, Azərbaycandan fəqli olaraq Gürcüstan və Ukraynanın Avropa İttifaqı ilə Assosasiya sazişini imzalamaqla, 350-də çox qanun qəbul edib, iqtisadi islahatlar keçirməklə iqtisadi azadlığın təmin olunması yolunu seçiblər.

Rusiyanın Krımı ilhaq etməsindən sonra Azərbaycanda sivil cəmiyyətə basqılar vüsət aldı.
Rusiyanın Krımı ilhaq etməsindən sonra Azərbaycanda sivil cəmiyyətə basqılar vüsət aldı.

“Nəticədə həmin ölkələrin viza sadələşməsinə nail olması Avropa şirkətlərindən bu ölkələrə investisiya cəlb olunmasına gətirib çıxartdı. Ermənistana diqqət yetirsəksə görərik ki, 2016-cı ildə Ermənistanda vətəndaş cəmiyyətinin inkişafına Avropa institutları 63 milyon avro dəyərində vəsait ayırıb. Azərbaycan isə valyuta qıtlığından əziyyət çəkməsinə baxmayaraq vətəndaş cəmiyyəti və qrantlar vasitəsi ilə ölkəyə xarici valyuta gətirilməsinə problemlər yaratmaqla, qrantlar haqqında qanuna məhdudiyyətlər törətməklə ölkənin zəifləməkdə olan iqtisadi gücünü daha da zəiflədir.”

Son dövrlər Rusiyanın regionda hərbi-siyasi mövqelərini gücləndirməsi Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağına işarədir.

Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropa Birliyi ilə münasibətlərini gücləndirməsinin Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir edəcəyini şərh edən jurnalist Rüfət Abasov bildirib ki, hadisələrin bu cür gedişatı Azərbaycanın prosesdəki iştirakına mənfi təsir göstərir.

“Azərbaycan üçün Qarabağ probleminin həlli yolunda yeni maneələr ondan ibarətdir ki, Ermənistanın indiki halda Avropa Birliyi ilə yaxınlaşması, insan haqları institutlarının formalaşmasına dair müəyyən öhdəliklər götürməsi, iqtisadi islahatlara getməyə razılıq verməsi beynəlxalq ictimaiyyətdə onlar haqda müsbət fikir formalaşdırır. Bunun nəticəsində də demokratik ölkə təsiri bağışlayan Ermənistan problemin həlli məsələsində Qərb qurumları qarşısında Azərbaycana nisbətdə daha üstün vəziyyətə sahib olacaq.

Buna görə də Azərbaycan çalışmalıdır ki, dünya ictimaiyyəti qarşısında özünü insan haqlarının qorunduğu, azad medianın, söz azadlığının təmin olduğu, iqtisadi və mədəni sahədə Avropaya inteqrasiya olunmağa meylli bir ölkə kimi tanıdıb, Ermənistanı bir addım qabaqlaya bilsin.

Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə həm özünün iqtisadi, geosiyasi gücünü, həm də Qarabağ probleminin həlli məsələsində Ermənistan qarşısında gücünü gücləndirmiş olar."

Beynəlxalq ictimaiyyətə qarşı getmək ölkə üçün heç vaxt yaxşı nəticə verə bilməz.

Rüfət Abasov sonda onu da əlavə edib ki, ölkə daxildə siyasi, ictimai və iqtisadi islahatlar aparılmadan beynəlxalq arenada Ermənistan qarşısında üstünlük əldə etmək mükünsüzdür.

“Əgər bir ölkədə 160-dan çox siyasi məhbusu varsa, söz azadlığı boğulursa, etiraz edənlər həbsə atılırsa, iqtisadi-sosial çətinliklər günbəgün artırsa təbii ki, beynəlxalq ictimaiyyətin də bu ölkədən narazılığını artıracaq və Qarabağ probleminin həllinə öz mənfi təsirini göstərəcək.”

XS
SM
MD
LG