Avropa İttifaqının daxili işlər nazirləri 25 üzvlük sərhədsiz Şengen zonasını genişləndirmək barədə razılığa gələ bilmirlər. Mübahisə Bolqarıstan və Rumıniyanın bu zonaya daxil edilməsi üzərində gedir.
İki Şərqi Avropa ölkəsi bu il Şengen zonasına daxil olmağa ümid bəsləyirlər və ittifaqın bir çox üzvləri onları dəstəkləyir. Amma Hollandiya və Finlandiya bu ideyaya qarşı çıxırlar. Onlar hesab edirlər ki, Bolqarıstan və Rumıniya korrupsiyaya qarşı daha effektiv mübarizə aparmalı və mütəşəkkil cinayəti aradan qaldırmalıdır.
Məsələ Brüsseldə Avropa İttifaqı Daxili Məsələlər Şurasında müzakirə olunub. Rumın və bolqarların Şengenə daxil olması ittifaqın və Şengen sazişinin üzvü olan 22 ölkə tərəfindən yekdilliklə təsdiq edilməlidir.