İslam Dövləti qrupu tərəfindən qadın jurnalist qətlə yetirilib. 30 yaşlı Ruqiyə Həsən Rəqqanın gündəlik həyatından yazıları ilə tanınırdı. İŞİD-in istehkamı olan bu şəhər koalisya qüvvələrinin davamlı hücumlarına məruz qalır.
Ruqiyə Həsən Facebook səhifəsində Nissan İbrahim ləqəbi ilə statuslar və yazılar yayırdı.
Onun qətlə yetirildiyi tarıx bəlli olmasa da, sosial mediada yazılarına 2015- ci ilin iyun ayında ara verildiyi deyilir.
Jurnalistin qətli barədə məlumat bu həftə Suriyada insan haqlarının pozulmasını müşahidə edən Rəqqa Sakitcə Məhv Edilir (RBSS) adlı qrup tərəfindən yayılıb.
RBSS-in təsisçisi Əbu Məhəmmədin bildirdiyinə görə, Həsən son tvitter yazısında Rəqqada olduğunu və İŞİD-dən ölüm təhdidi aldığını yazıb. O, təhqir içində yaşamaqdansa, İŞİD tərəfindən başının kəsilməsinə üstünlük verdiyini deyib.
Hələb universitetinin məzunu Ruqiyə Həsən müstəqil jurnalist kimi fəaliyyət göstərirdi. Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı müxalifət qrupuna qoşulan jurnalist Rəqqanı tərk etməkdən imtina edib və şəhərdə yol verilən insan haqları pozuntuları haqda yazılar yazıb.