Accessibility links

Rusiya kosmik qoşunları komandanı Qəbələ RLS-dən imtinanın mümkünlüyündən danışıb


Azərbaycandan Qəbələ Radiolokasiya stansiyasının (RLS) icarəsinin dayandırılması haqqında qərar qəbul edilsə Rusiyanın müdafiə qabiliyyətinə ziyan dəyməyəcək. Bu barədə bu gün Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı Oleq Ostapenko bildirib.
“Bu mərhələdə biz zərurət olduğu halda Qəbələ stansiyasından imtina etsək belə, biz bunu elə edəcəyik ki, dövlətimizə, onun təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ziyan dəyməsin. Bu, bizim əsas məqsədimizdir”, - deyə İTAR-TASS Ostapenkodan sitat gətirir.
Komandan həmçinin bildirib ki, Qəbələdəki “Daryal” RLS-in funksiyaları Rusiyanın yeni “Voronej” tipli RHMS stansiyalarının üzərinə qoyula bilər.
“Armavirdəki bu stansiyaya gəlincə, o, Qəbələ RLS-in yerinə yetirdiyi vəzifələri daha yüksək səviyyədə yerinə yetirmək iqtidarında olacaq”, - deyə general Ostapenko qeyd edib və Armavir RLS-in parametrlərinə görə Qəbələdəki stansiyadan üstün olduğunu vurğulayıb.
Bu zaman o, Qəbələ RLS-in gələcək taleyi ilə bağlı şərh verməyib. “Qəbələ stansiyası ilə bağlı hələlik ətraflı heç nə deməyəcəyəm, müvafiq qərarlar qəbul ediləcək və biz bu qərarlara uyğun şəkildə işləyəcəyik”.
Xatırladaq ki, stansiyanın icarə müddəti bu ilin sonunda başa çatacaq, lakin bundan əvvəl yarım il ərzində tərəflər icarə müddətinin uzadılması haqqında qərar qəbul etməli idilər. Azərbaycan icarə haqqını ildə 7 mln. dollardan 300 mln. dollara qədər qaldırıb. Moskva bu məbləği ödəməkdən imtina edib.
Son məlumatlara görə, stansiyada qulluq edən zabitlərə iyulun 1-nə qədər ailələrini Rusiyaya göndərmək əmri verilib.
XS
SM
MD
LG