Accessibility links

Rusiyada prezident seçkiləri yaxınlaşdıqca seçicilərə müxtəlif hədiyyələr vəd edilir.

Hakimiyyət orqanları bunu daha çox insanı səsverməyə gəlməyə həvəsləndirmək üçün etdiklərini deyirlər.

Amma hədiyyələrin pulunu kimin verdiyini aydınlaşdırmaq elə də asan deyil.

Məsələn, Moskvanın Şərqi İnzibati Dairəsindəki seçki məntəqələrində ilk dəfə seçkiyə qatılan gənclərə pasport cildi və konsertə bilet hədiyyə ediləcək.

Konsert seçkidən sonra Olimpiya stadionunda təşkil ediləcək. Orada tanınmış musiqiçilər iştirak edəcək.

Bir müddət əvvəl gənclər arasında sorğu keçirilib və məlum olub ki, onların ən çox qulaq asdıqları ifaçılar Yeqor Krid, Oleq Mayami, "Serebro" qrupu və başqalarıdır. Konsertdə də elə onlar çıxış edəcəklər.

SEÇKİ MƏNTƏQƏSİNDƏ SELFİ

"Rusiya Tələbə Dəstələri" adlanan gənclər təşkilatı isə seçki məntəqəsində selfi çəkib sosial şəbəkələrdə paylaşanlar arasında müsabiqə keçirir.

Ən yaxşı şəkillərin müəlliflərinə hədiyyə veriləcək - smartfon, planşet, saat və s.

Amma bu bahalı hədiyyələrin pulunu kimin verdiyini də öyrənmək mümkün olmayıb.

Bu ilin yanvarında Rusiyanın RBK saytı yazmışdı ki, Kreml seçici aktivliyini artırmaq üçün xüsusi tədbirlər planı hazırlayıb.

Son vaxtlar sosial şəbəkələrdə də insanları seçkiyə çağıran videoçarxlar peyda olmağa başlayıb.

Bundan başqa seçkiyə çağırış elanlarını mümkün qədər rəsmiyyətdən uzaq, loru dillə, hətta erotik çalarla hazırlamaq cəhdləri var.

Bəzi bölgələrdə vəd olunan hədiyyələr daha sadədir. Məsələn, Sverdlovsk vilayətinin Karpinsk şəhərində səsverməyə ilk dəfə gələn gənclərə üstündə "Mən prezidentə səs verdim" yazılmış fincan hədiyyə ediləcək.

Rusiya mətbuatı yazır ki, bir çox insanlar onların kimə səs vermələrinin əhəmiyyəti olmadığını düşünüb seçkiyə getmirlər. Düşünürlər ki, onsuz da seçkidə hakimiyyətin namizədi qalib elan ediləcək. Seçkidə iştirak faizinin aşağı olması əslində heç nəyi dəyişmir. Yetərsayın aşağı həddi onsuz da ləğv edilib. Bütün hallarda seçki baş tutmuş sayılacaq.

Amma biri var sənə 25 faiz seçicinin çoxu səs versin, biri də var 70 faiz seçicinin çoxu. Yəni ikinci halda qələbə daha əzmli təsir bağışlayır.

Deyilənə görə, Kremlin bu məsələdə 70-70 formulu var. Yəni iştirak faizi minimum 70, qələbə faizi minimum 70 olmalıdır.

XS
SM
MD
LG