Accessibility links

Rusiya ilə razılaşmanın Dağlıq Qarabağa dəxli yoxdur


Ermənistan Müdafiə Nazirliyi Qafqazda Rusiya ilə hava hücumundan birgə müdafiə sisteminin yaradılmasına dair razılaşma barədə açıqlama verməyə məcbur qalıb.

AzadlıqRadiosu yazır ki, son günlər bu məsələ Ermənistan mediasında qızğın müzakirələrə yol açıb. Müdafiə Nazirliyi sözügedən razılaşmanın ötən il dekabrın 23-də imzalandığını bildirib.

VAHİD, YOXSA BİRGƏ SİSTEM?

Razılaşmada hava hücumundan müdafiəni təkmilləşdirmək üçün Qafqazda birləşmiş regional sistem yaratmaq nəzərdə tutulur. Müdafiə Nazirliyinin açıqlamasında ayrıca vurğulanır ki, söhbət vahid deyil, birgə sistemdən gedir. Yəni Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə (HHM) qüvvələri öz müstəqilliyini qoruyub saxlayacaq.

Açıqlamada Rusiyanın Qazaxıstanla vahid sistem qurduğuna və bu barədə razılaşmanın 2013-cü ilin yanvarında imzalandığına diqqət çəkilir.

Ermənistan Müdafiə Nazirliyi Rusiyanın sözügedən sahədə Belarusla da 2009-cu ilin fevralında məhz vahid sistem qurmaq üçünrazılaşma əldə etdiyini və belə bir sistemi Mərkəzi Asiya bölgəsində də yaratmağı planlaşdırdığını bildirir.

Nazirlik yalnız Ermənistanın Rusiya ilə hava hücumundan məhz birgə müdafiə sistemi qurduğunu və bu addımın heç bir halda hava hücumundan müdafiə qüvvələrinin başqa dövlətin tabeliyinə verilməsi mənasına gəlmədiyini vurğulayır.

RUSİYA, SADƏCƏ, ƏLAQƏLƏNDİRƏCƏK?

Açıqlamada sazişin 3-cü maddəsinə istinad edilərək bildirilir ki, Ermənistan sərhədləri daxilində birgə regional sistemə bu ölkə silahlı qüvvələrinin hərbi hava hücumundan müdafiə qüvvələrinin komandanı rəhbərlik edir. Həmin şəxs də ölkənin Ali Baş Komandanına tabedir.

Sənəddə o da deyilir ki, Qafqazda regional sistemi Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanlığı əlaqələndirəcək və bu zaman söhbət, sadəcə, işlərin koordinasiyasından gedir.

Açıqlamada Ermənistanın başqa hava hücumundan müdafiə sistemləri ilə əməkdaşlıq edəcəyi və seçim sərbəstliyi də vurğulanır.

Sənədə görə, sistem Rusiyaya təcavüz təhlükəsi yaranacağı və ya Ermənistanın üzləşəcəyi təhlükəni təkbaşına dəf edə bilməyəcəyi halda işə düşəcək.

Birləşmiş regional sistem dinc vaxtlardaCənubi Qafqaz hərbi dairəsinin komandanına tabe olacaq.

HƏTTA NÜVƏ SİLAHINDAN İSTİFADƏ?

Açıqlamada ona da diqqət çəkilir ki, nəzərdə tutulan obyekt hansı ölkənin hava sərhədində yerləşəcəksə, birgə sistemin silahlarından istifadə həmin ölkənin qanunvericiliyi ilə müəyyənləşdiriləcək.

Qafqaz regionunda birgə HHM sistemi yalnız birbaşa təcavüz və müharibə təhlükəsi olduqda işə salınacağı da diqqətə yetirilir.

Saziş Rusiya Hərbi Kosmik Qüvvələrindən, hətta nüvə silahından istifadəni də nəzərdə tutur. Rusiyanın adıçəkilən qurumunun Ermənistanın maraqları naminə istifadə edilə biləcək peyk sistemi də var.

«DQR»Ə DƏXLİ YOXDUR...

Sənədin 1-ci maddəsində «Kollektiv təhlükəsizliyin ayrıca dairəsi» anlayışı Ermənistan Respublikasının yer və hava ərazisi çərçivəsində bölgənin bir hissəsi kimi səciyyələndirilir. Məhz bu səbəbdən saziş Dağlıq Qarabağ ərazisinə, uyğun olaraq Ermənistan və «DQR» müdafiə nazirlikləri arasında əməkdaşlığa təsir göstərmir.

XS
SM
MD
LG