Accessibility links

Blinken rusiyalı həmkarı Lavrovla İranın nüvə razılığının bərpası məsələsini müzakirə edib


ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü rusiyalı həmkarı ilə İranın nüvə razılığının bərpası barədə danışdığını və bunun ABŞ və Rusiyanı narahat edən ortaq məsələ olduğunu bildirib.

Blinken Parisdə keçirdiyi mətbuat konfransında "Harada olduğumuz və haraya getmək istədiyimizi müqayisə etmək imkanı əldə etdik" deyib.

Müzakirədən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov razılaşmanın bərpası üçün danışıqlar "ən qısa zamanda bərpa olunmalıdır" deyib.

"Dünya ictimaiyyəti ABŞ-ın nüvə anlaşmasındakı öhdəliklərini yenidən yerinə yetirməsini və İrana və bütün ticarət tərəfdaşlarına qarşı qanunsuz məhdudiyyətləri dayandırmasını istəyir" deyə, Lavrov bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Lavrovla görüşdən sonra "İndi bu mövzuda məsləhətləşmələri yekunlaşdırırıq və tezliklə Vyanadakı danışıqlarımızı bərpa edəcəyik" deyib.

ABŞ Prezidenti Co Bayden pakta yenidən qayıtmaq istədiyini bildirsə də, Blinken keçən həftə İranla detallarda düzəlişlər etmək üçün vaxtın daraldığını deyib.

İran, Almaniya, Çin, Fransa, Rusiya, Britaniya və ABŞ arasında 2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İranın nüvə proqramını məhdudlaşdırması müqabilində bu ölkəyə qarşı sanksiyaların götürülməsini nəzərdə tutur.

Sabiq prezident Donald Tramp 2018-ci ildə bu razılaşmadan geri çəkilib və İrana qarşı sanksiyaları birtərəfli qaydada sərtləşdirməyə başlayıb.

XS
SM
MD
LG