Accessibility links

Vladimir Putin Parisdə Fransa prezidenti ilə Ukrayna böhranını müzakirə edəcək


Rusiya prezidenti Vladimir Putin gələn həftə Fransa prezidenti Fransua Hollandla Ukrayna böhranını müzakirə etmək üçün Parisə səfər edəcək. Bu, onun Ukrayna böhranı başlanandan bəri Qərb ölkəsinin lideri ilə ilk görüşüdür.

Cənab Putinin eyni zamanda Fransada olacaq ABŞ prezidenti Barak Obama, Britaniya baş naziri Deyvid Kameron və ya Almaniya kansleri Angela Merkellə rəsmi görüşlərinin planlaşdırılmadığı deyilir. Lakin qeyri-rəsmi danışıqların keçirilməsi mümkün ola bilər.

Rusiya Ukraynanı ölkənin şərqində aparılan hərbi əməliyyatlara son qoymağa və sülhməramlı dialoqa çağırıb.

BMT-nin baş katibi Ban Ki Mun Ukraynada davam edən zorakılığa dair xəbərdarlıq edib və Kiyev hökumətini ölkənin şərqində nəzarəti yalnız sülh yolu ilə əldə etməyə çağırıb.

BMT-nin sözçüsü cənab Banın açıqlamalarının Donetsk aeroportunda hava hücumları və silahlı atışmalara aid olduğunu deyib. Rusiya separatçıları ilə Ukrayna qüvvələri arasında saatlarla davam edən döyüş 50 nəfərin ölümünə səbəb olub. Ölənlərin əksəriyyəti separatçı olub.
XS
SM
MD
LG