Rusiya və Türkiyə 2,5 milyard dollarlıq saziş imzalayıb. Bu sənəd Rusiyanın Türkiyədə S-400 raket sistemləri satmasını nəzərdə tutur.
Saziş hələ imzalanmamışdan Qərbi narahat edirdi. Çünki Türkiyə NATO üzvüdür və havadan müdafiə sistemləri alyansın müdafiəsinə inteqrasiya oluna bilməz.
Bəzi qərb ölkələri Türkiyənin S-400 almaq niyyətini Ankaranın NATO-ya zərbəsi sayırlar. Belə ki, hərbi alyansla Rusiya arasında Suriya və Ukrayna münaqişələrindən dolayı gərginlik var.
Rusiyanın Rostec dövlət şirkətinin rəhbəri Sergey Çemezov deyib ki, saziş Türkiyəyə dörd komplekt S-400 göndərilməsini nəzərdə tutur.
Çemezovun sözlərinə görə, raket sistemlərinin Türkiyəyə göndərilməsi 2020-ci ilin martından başlamalıdır.
“Onlar kontraktın dəyərinin 45 faizini avans kimi ödəyirlər. 55 faizi də Rusiyanın ayırdığı kreditdir”, – Chemezov “Kommersant”a deyib.
Bu sistemlərin əhatə miqyası 400 kilometrdir və 30 kilometr yüksəklikdə hədəfləri vura bilər.
S-400 alınmasıyla bağlı danışıqların aparıldığını ilk dəfə sentyabrda Türkiyə prezidenti Recep Tayyip Ərdoğan açıqlayıb.
Rusiyayla Türkiyə Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyirlər. 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsi Suriya sərhədində Türkiyə tərəfdən vurulandan sonra münasibətlər pisləşsə də, Erdogan-la rusiyalı həmkarı Vladimir Putin onları bərpa edə bilib.
Rusiya baş nazirinin müavini Dmitri Roqozin dekabrın 27-də deyib ki, Moskva tezliklə Hindistanla da S-400 sistemləriylə bağlı razılaşma imzalamaq istəyir.
Oxşar sazişin Səudiyyə Ərəbistanı ilə də bağlanacağı bildirilir.