Rusiyanın bu gün Suriyada İŞİD yaraqlılarına qarşı hava hücumu kampaniyasını genişləndirdiyini bildirməsinə baxmayaraq, yerli müşahidəçilər deyir ki, hücumların bəziləri ölkənin qərb bölgələrini hədəf alıb və burada da ekstremist yaraqlıların çox az mövcudiyyəti var.
Prezident Bəşar Əl-Əsədin sadiq müttəfiqi olan Rusiya hava hücumlarına sentyabrın 30-da başlayaraq İŞİD və başqa müxalif qrupları hədəf aldığını bildirib.
Qurudakı üsyançılar və Qərb dövlətləri Moskvanın hökumət qüvvələrinin quru hücumları ilə müşayiət edilən hava hücumlarının ABŞ-ın təlim keçdiyi döyüşçülər də daxil olmaqla əsasən İŞİD-lə əlaqəsi olmayan üsyançı qrupları hədəf aldığını deyir.
Bu gün Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya son 24 saat ərzində kampaniyasını genişləndirərək 55 hədəfə 64 mərmi atıb.
Nümayəndə general-mayor İqor Konaşenkov vurulan hədəflərin İŞİD-in nəzarətində olduğunu bildirərək hədəflərə yaraqlılar və terrorçular deyə xitab edib.
Onun sözlərinə görə, hədəflərə Suriyanın Rəqqa, Həma, Dəməşq və Hələb vilayətlərində təlim bazaları, silah cəbbəxanaları və nəzarət mərkəzləri daxil olub. Bunlardan birincisi İŞİD-in başlıca istinadgahı olsa da, digər üçü zəif qrupların nəzarətindədir.