Accessibility links

Avstraliya Ukraynaya 50 milyon dollarıq silah-sursat almağı planlaşdırır


Avstraliyanın Baş naziri Skott Morrison

Avstraliya Ukraynanı dəstəkləmək üçün raket və sursat almaq üçün 50 milyon dollar maliyyə vəsaiti ayırmağı planlaşdırdığını bildirib.

Ukraynada münaqişə getdikcə intensivləşdiyi vaxt Avstraliya hökuməti Ukrayna qüvvələrinə hərbi texnika göndərilməsi ilə bağlı mövqeyini dəyişib. Keçən həftə Kanberra yalnız texniki yardım göstərəcəyini desə də, bu qərar dəyişib. Baş nazir Skott Morrison deyib ki, digər Qərb dövlətləri ilə koordinasiyalı səylər çərçivəsində onun ölkəsi Ukraynaya Rusiyanın işğalına qarşı müqavimət göstərmək üçün hərbi texnika və silah alacaq. Silahların Ukraynaya nə qədər tez çatdırılacağı məlum deyil.

“Söhbət raketlərdən, döyüş sursatlarından gedir, Ukraynanı, vətənlərini müdafiə etməkdə onlara dəstək olmaqdan danışırıq və bunu NATO ilə ortaq şəkildə edəcəyik”, Morrison çərşənbə axşamı brifinqdə bildirib.

“Bunun təfərrüatlarına varmaq fikrində deyiləm, çünki Rusiya hökumətini onları nələr gözlədiyi barədə xəbərdar etməyi planlaşdırmıram, amma bunun baş verəcəyinə əmin edə bilərəm”, Morrison qeyd edib.

Avstraliya eləcə də münaqişədən qaçaraq ölkəsini tərk edən ukraynalılara evakuasiya səylərində yardım edən beynəlxalq təşkilatlara 25 milyon dollar humanitar yardım ayırır. Yüz minlərlə insan ölkəni tərk edərək sığınacaq üçün qonşu ölkələrə qaçıb

Morrison Avstraliya hərbi qüvvələrinin müharibəyə göndərilməsini istisna edib. O həmçinin Avstraliya vətəndaşlarını səyahət etməməyə və Rusiya ordusuna qarşı döyüşlərdə Ukraynanın yarı-hərbi qüvvələrinə qoşulmamağa çağırıb. Morrison xarici döyüşçülərin münaqişədəki hüquqi statusunun aydın olmadığını bildirib.

Hüquqi məsələlər üzrə ekspertlərin bildirdiyinə görə, Avstraliya qanunları vətəndaşlarının rəsmi xarici ordunun üzvü olmadıqları halda digər ölkələrin münaqişələrində iştirakını qadağan edir.

Morrison deyib ki, Rusiya qonşu Ukraynaya hərbi hücum etdikdən sonra “özü üçün yaramaz dövlət” kimi seçim edib.

XS
SM
MD
LG