Moskvada koronavirus diaqnozu qoyulan 79 yaşlı bir qadın ölüb. Bu barədə COVID-19-la Vəziyyəti Monitorinq Əməliyyat Qərargahı məlumat yayıb. Bu, Rusiyada koronavirusdan qeydə alınan ilk ölümdür.
Virusdan əlavə ölüm səbəbinin xəstənin bir sıra xroniki xəstəlikləri olduğu açıqlanıb: 2-ci növ şəkərli diabet, arterial hipertaniya, koronar arteriyaların stentləşdirilməsindən sonrakı vəziyyət, koronar ürək xəstəliyi, koronar arterioskleroz, aorta, xroniki ağciyər hipertaniyası, urolitiyaz və serebrovaskulyar xəstəlik.
Qadın martın 13-də xəstəxanaya yerləşdirilib, ancaq yaxınlarının tələbi ilə ertəsi gün müalicə üçün özəl klinikaya köçürülüb. Həkimlər ona koronavirus infeksiyası diaqnozu qoyduqdan sonra 2 nömrəli yoluxucu xəstəliklər xəstəxanasına göndərilib. Tənəffüs çatışmazlığı səbəbindən qadın reanimasiyaya yerləşdirilib.
“Hazırki vəziyyətdə xəstənin bütün əlaqədə olduğu qohumları müəyyənləşdirilib və onlar tibb işçilərinin nəzarəti altındadır. Xəstənin yaxın əlaqələrinin heç birində xəstəliyin ağır simptomları yoxdur" - deyə, qərargahdan açıqlama veriblər.
Rəsmi məlumatlara görə, ancaq Moskvada 147 koronavirus infeksiyası qeydə alınıb və son 24 saat ərzində artım 33 nəfər olub. 5 xəstə isə sağalıb.