Accessibility links

Ruslan İzzətli: "Gənclik ölkənin sabahı yox, sahibidir" [Video]


Ruslan İzzətli: "Gənclər ölkənin sabahı yox, sahibidir"
please wait

No media source currently available

0:00 0:10:48 0:00

Ruslan İzzətli: "Gənclər ölkənin sabahı yox, sahibidir"

ABŞ-da səfərdə olan D18 Hərəkatının lideri Ruslan İzzətli Amerikanın Səsinin Vaşinqtondakı studiosunda qonaq olub

ABŞ-da səfərdə olan D18 Hərəkatının lideri Ruslan İzzətli fevralın 2-də Amerikanın Səsinin Vaşinqtondakı studiyasının qonağı olub. Müsahibə zaman cənab İzzətli ABŞ-a səfərinin məqsədi, rəhbəri olduğu D18 Hərəkatının fəaliyyət istiqamətləri, hazırda Azərbaycanda gənclərin durumu və s. mövzulardan danışıb. O, bildirib ki, bu gün Azərbaycanda yeni gənc liderlərə ehtiyac var.

Amerikanın Səsi: Ruslan bəy, artıq bir neçə gündür ABŞ-da səfərdəsiniz. Səfərinizin məqsədləri, məramları nədər ibarətdir?

Ruslan İzzətli: D18 Hərəkatı olaraq qərara gəlmişik ki, bu il Avropa, Amerika və qonşu ölkələrə səfər edək. Xüsusilə Amerikaya səfərimiz çox önəmlidir. Bildiyiniz kimi konqresmen Smitin Azərbaycan haqqında qanun layihəsi Konqresə veriləcək. Buradakı Türk-Amerika təşkilatları ilə bir lobbiçilik əlaqələri qurmağa çalışdıq. Həm də konqresmenlərlə görüşməyə çalışdıq ki, onların nəzərinə Azərbaycanda 100-dən çox siyasi məhbusun olduğunu, dünyanın 13 məşhur siyasi məhbus qadınından 2-nin Azərbaycanda olduğunu diqqətə çatdıraq. Xədicə İsmayıl hələ də həbsdədir. Azərbaycanda fərqli düşünən insanlar ya həbs edilir, ya öldürülür, ya da ölkədən qaçmaq məcburiyyətindədir. Bununla əlaqədar həm Konqresdə, həm beynəlxalq təşkilatlarla görüşlər keçirdik. Məqsəd Azərbaycandakı demokratiya və insan haqlarına göz yummamaqları və yaxud yumşaq davranmamaqlarıdır.

Amerikanın Səsi: Siz ABŞ-a da D18 Hərəkatının başqanı kimi səfər etmisiniz. Hərəkatınız haqda izləyicilərimizə məlumat verməyinizi istərdik. Hazırda hansı işlərlə, nə kimi layihələrlə məşğulsunuz?

Ruslan İzzətli: D18 Hərəkatının adı Demokratiya 1918 – Xalq Cümhuriyyətinin yaranma tarixindən götürülüb. Niyə 1918? Bilirsiniz, biz 96 il öncə Şərq-müsəlman dünyasında ilk cümhuriyyət qurduq. O, parlamentli cümhuriyyət idi, verdiyi qərarlarl, idarəetmə metodu bu gün, XXI əsrdə Amerikada və Avropadakı dövlətlərin idarəetməsi idi. Biz millətimizə, xüsusilə də gənclərə göstəririk ki, biz 96 il öncə demokratik cümhuriyyət qurmuşuqsa, bunu yenidən qura bilərik. Adın oradan olması insanlarda özünə güvən yaradır. Bizim hərəkat cümhuriyyətçi bir hərəkatdır, ideologiyalardan imtina etmiş yeganə siyasi hərəkatıq. Çünki avtoritar rejimlərlə mübarizədə ideologiyadan istifadə etmək olmur. Çünki televiziya, meydan yoxdur, universitetlərə girə bilmirik. Liberal, millətçi, sağçı, solçular çox kiçik bir çevrələrdə formalaşıblar. Ancaq biz hər kəsi bir araya gətirib avtoritar rejimdən demokratiyaya keçsək, o zaman istənilən ideologiya daşıyıcısı olan partiya və təşkilat televiziya vasitəsilə xalqa müraciət edə bilər, xalq kimi dəstəkləsə onu seçər. Xüsusilə, indiki bu ağır bir dönəmdə ideologiyanı bir kənara qoyub hər kəs bir olmalıdır. Bir fərqimiz budur. İkincisi, D18 Hərəkatı “İlin rüşvətxor müəllimi”, “İlin rüşvətxor rektoru” və “Rüşvət almayan müəllimi” aksiyası keçirdi. Biz o zaman BDU-nun rektoruna “İlin Avtoritar Rektoru” statusu verdik, bir çox müəllimə “İlin rüşvət alan müəllimi" və bir neçə müəllimə “İlin Rüşvət almayan müəllimi” mükafatları verdik. Burada məqsəd rüşvətə qarşı kampaniya aparmaq və gənclərin sorğusu ilə bunu etmək idi. O zaman aksiyamız çox ciddi bir dəstək gördü. Beləcə istəyirik ki, atdığımız addımlarla digərlərindən fərqli olaq və yeni nəsil müxalifəti, üçüncü qüvvəni formalaşdıra bilək .

Amerikanın Səsi: Sizin hərəkatın digər hərəkatlarla başlıca fərqi nədədir?

Ruslan İzzətli: Mən inanıram ki, Azərbaycanda hər bir qurum avtoritarizmə qarşı mübarizədə səmimidir və biz də bu mübarizədəyik. Onlar bizim üçün dost hərəkatdır. Bəzi qurumlar bəzən passivdir, bəziləri isə ümumiyyətlə fəaliyyətini dayandırıb. Hansılarsa fəaliyyətini davam etdirir. Bizim xüsusilə idarə etmə metodunda bir fərqimiz var ki, biz, hər hansı partiya üzvünün hərəkata qoşulmasının qarşısını alırıq. Çünki artıq orada fikir ayrılıqları yaranır. Partiyadan imtina etdiyi şəkildə bizə qoşula bilər. İkinci bir fərqimiz isə Azərbaycanda hər hansı siyasi partiyanın bir aləti və ya kölgəsi olmağa çalışmırıq. Bizim üçün Azərbaycanda avtoritar sistemə qarşı mübarizə aparan bütün partiyalar dostdur, amma özümüzün də bir xəttimiz var. İndiyədək gənclərin meydanlarda bayraq daşıması və şüar deməsinin gənclərin tribunaya çıxıb söz sahibi olması ilə əvəzlənməsini istəyirik. Biz “Gənclik ölkənin sabahıdır yox, gənclik ölkənin sahibidir!” devizi ilə addımlayıb, ölkəmizə yeni gənc liderlərin gətirilməsini istəyirik.

Amerikanın Səsi: Fevralın 2-si Beynəlxalq Gənclər Günüdür. Bu gün Azərbaycanda gənclərin vəziyyətini necə qiymətləndirirsiniz? Onların həm iqtisati, həm siyasi, həm də digər sahələr üzrə təkmilləşməsi üçün yetərli şərait varmı?

Ruslan İzzətli: 2 Fevral Gənclər Gününü biz təqvim kimi qəbul etmirik. Ancaq o ki qaldı hakimiyyətin gənclər siyasətinə, hakimiyyətin gənclər siyasəti yandaşlıq üzərində qurulub. Ancaq bizim üçün yandaş yoxdu, bizim üçün vətəndaş var. Hakimiyyətin gənclər siyasətinin necə olduğu görmək istəyirsinizsə, öncə onun idarəetməsinə baxın. 52 yaşında bir naziri gətirib Gənclər və İdman naziri təyin edib. Buradan görünür ki, hakimiyyətin gənclər siyasəti qeyri-səmimidir. İldə 5 milyona yaxın gənclərin asudə vaxtının keçirilməsinə sərf edilir. 52 yaşlı bir qoca nazir gənclərin asudə vaxtını necə keçirməsini haradan bilə bilər? Bu gün gənclər evsiz-eşiksizdir. İldə nə qədər gənc İpoteka Fonduna müraciət edir? Oradakı aylıq kredit 500-600 manat civarında göstərilir, amma Azərbaycanda minimum əmək haqqı 108 manat, orta əmək haqqı təxminən 250-300 manatdır. Bu dönəmdə gənclər İpoteka Fonduna müraciət edə bilərmi? Ən əsası bu gün təhsildəki durumdur. Azərbaycan universitetləri reytinq sırasına görə hətta Cənubi Qafqaz universitetlərindən geri qalır. Bu da onu göstərir ki, hakimiyyət həm gənclərin evsizlik və işsizlik problemi ilə yanaşı, təhsil problemini də həll edə bilməyib.

Bundan başqa hakimiyyət fərqli düşünən insanları ya həbs edir, ya universitetdən qovur və yaxud da bir çox gənc fikrini ölkədə ifadə edə bilmədiyi üçün ölkədən qaçmaq məcburiyyətində qalır. Əvvəllər Azad Fikir Universiteti var idi, bir çox beynəlxalq fondların Azərbaycanda təmsilçiləri var idi ki, onlar Azərbaycan gənclərinin təhsil sahəsində, özünü ifadə etmək sahəsində kifayət qədər ciddi dəstək olurdular. Ancaq sonra AFU bağlandı, digər müxalif təşkilatlara qarşı basqılar edildi. Məsələn, bizim hərəkat universitetlərə sədrlər təyin edir, sabahısı gün həmən gənc bizə yaxınlaşır ki, prorektor məni çağırdı və məni tənqid etdi ki, niyə sən o təşkilatın universitetdəki təmsilçisisən. Bizim digər dost təşkilatların bir çoxlarının rəhbərləri bu gün həbsxanadadırlar, amma o gənclərin yeri həbsxana deyil.

XS
SM
MD
LG