Accessibility links

Rusiya mühasirədə olan Mariupolda sığınacaq kimi istifadə edilən incəsənət məktəbini bombalayıb


Yerli sakinlər mühasirəyə alınmış Mariupolda yaşayış binalarının dağıldığı küçə ilə keçir, 18 mart, 2022.
Yerli sakinlər mühasirəyə alınmış Mariupolda yaşayış binalarının dağıldığı küçə ilə keçir, 18 mart, 2022.

Ukraynanın mühasirədə olan Mariupol liman şəhərində 400-ə yaxın insanın sığınacaq tapdığı incəsənət məktəbi Rusiya qüvvələri tərəfindən bombalanıb.

Mariupol şəhər şurası bazar günü bildirib ki, hücum zamanı bina dağılıb. Sağ qalanlar barədə dərhal məlumat verilməyib.

Mariupolun minlərlə sakini şəhər şurasının şənbə günü bildirdiyinə görə evlərindən zorla çıxarılıb.

“Son həftə ərzində bir neçə min Mariupol sakini Rusiyaya aparılıb”, Mariupol şəhər şurası öz Teleqram kanalında bildirib.

“İşğalçılar Levoberejnı rayonundan və mindən çox insanın (əsasən qadın və uşaqların) davamlı bombardmanlardan gizləndiyi idman klubunun binasındakı sığınacaqdan insanları qanunsuz olaraq aparıblar”, şəhər şurası qeyd edib.

“21-ci əsrdə insanların zorla başqa ölkəyə aparıla biləcəyini təsəvvür etmək çətindir”, Mariupol meri Vadim Boyçenko bəyanatında bildirib.

“İşğalçıların bu gün etdikləri İkinci Dünya Müharibəsində nasistlərin zorla insanları əsir götürdüyü dəhşətli hadisələri görən yaşlı nəslə tanışdır”, Boyçenko əlavə edib.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gecə müraciətində Rusiyanın Mariupolda hərəkətlərinin “müharibə cinayətlərinə görə məsuliyyət tarixinə düşəcəyini” deyib.

Mariupol şəhərinin təxminən 400 min sakini daimi atəş və bombardmanlar altında işıq, istilik və sudan məhrum olaraq mühasirədə qalır.

Xilasedicilər Rusiyanın hava zərbəsi nəticəsində dağıdılan Mariupol Dram Teatrının dağıntıları altında insanların axtarışını davam etdirirlər. Rusiya teatra zərbə endirildiyi və ya mülki şəxslərə hücum edildiyini inkar edir.

Bu arada, Ukrayna rəsmiləri cümə günü Rusiyanın Ukraynanın cənubundakı Nikolayiv şəhərində əsgərlərin gecə kazarmada yatdığı vaxt hərbi bazaya raket hücumundan sonra ölənlərin sayını hələ açıqlamayıb.

“Bizim heç bir söz deməyimizə icazə verilmir, çünki xilasetmə əməliyyatı hələ tamamlanmayıb və ailələr hələ də məlumatlandırılmayıb”, hərbi qüvvələrin sözçüsü Olqa Malarçuk Fransa xəbər agentliyinə deyib.

Əsgərlərdən biri AFP-yə 50 cəsədin tapıldığını, digəri isə dağıntılar altında 100-ə qədər ölənin ola biləcəyini bildirib.

Nikolayiv Odessa hərbi-strateji limanından 130 kilometr aralıda yerləşir.

XS
SM
MD
LG