Rusiyada son sutka ərzində azı on hərbi komissarlıq binasını yandırma cəhdi olub.
Hərbi komissarlıqları yandırmaq cəhdləri müxtəlif şəhərlərdə qeydə alınıb. Bunlara Sankt-Peterburq, Kazan, Omsk, Kaluqa, Mojaysk, Podolsk, Verxneuralsk (Çelyabinsk vilayəti), Rossoş (Voronej vilayəti), Volsk (Saratov vilayəti) və Kopeysk (Çelyabinsk vilayəti) daxildir. Bu barədə "Baza", "Sota" və "Astra" Teleqram kanalları məlumat yayıb.
"Baza"nın xəbər verdiyinə görə, onların hamısı buna telefon fırıldaqçıları tərəfindən məcbur edildiyini bildirib. Əksər hallarda yanğına cəhdlər qadınlar tərəfindən törədilib. Onların heç biri siyasi tələblərdən danışmayıb.
Belə ki, Kopeyskdə avqustun 1-nə keçən gecə Çelyabinsk Metal Konstruksiyaları Zavodunun 54 yaşlı işçisi hərbi komissarlığa "Molotov kokteyli" atıb. Verxneuralsk və Mojayskda hərbi komissarlığı yandırmağa cəhd edən yerli sakinlər saxlanılıb. Kaluqa və Kazanda 78 yaşlı və 62 yaşlı təqaüdçü hərbi komissarlığı yandırmağa cəhd edib. Voronej vilayətində tarix müəllimi "Molotov kokteyli" ilə saxlanılıb.
Eyni şəraitdə ilhaq edilmiş Krımda rus dili müəllimi saxlanılıb. "OVD-İnfo" yazır ki, Feodosiya sakininin hansısa "kurator"dan hərbi komissarlığı yandırmaq barədə göstəriş aldığı iddia edilib.
Sankt-Peterburqun Çaykovski küçəsində yerləşən hərbi komissarlığı yandırma cəhdindən sonra başqasının əmlakına qəsdən ziyan vurma faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə "Fontanka" portalı məlumat yayıb.
Keçən gecə naməlum bir şəxsin binanın qapılarına “Molotov kokteyli” atması, daha sonra isə avtomobilini həyətin darvazalarına çırpması xəbərindən sonra polis hərbi komissarlığı mühasirəyə alıb.
Hücum edən şəxs saxlanılıb və gecəni müvəqqəti saxlama təcridxanasında keçirib. "Fontanka" həmin şəxsin adını açlqlamasa da, onun tikinti şirkətində sürücü işlədiyini bildirib.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, yanğına səbəb özünü Federal Təhlükəsizlik Xidmətinin zabiti Kolesnikov kimi təqdim edən şəxsin zəngləri olub. Guya o, hərbi komissarlığa təxribatı oradan Ukrayna ilə bağlı bəzi sənədləri almaq üçün təşkil etdiyini deyib.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya boyu hərbi komissarlıqlar, polis idarələri, şəhər administrasiyalarının binaları və "Vahid Rusiya"nın qəbul otaqları yandırılmağa başlayıb. Səfərbərlik elan edildikdən sonra belə hücumların sayı xeyli artıb.
Forum