İyunun 10-da Rusiya və Çin iki ölkə arasında tikilmiş ilk avtomobil körpüsünün açılışını edib. Körpü inşasının elan edilməsi Moskvanın Ukraynada müharibə səbəbindən Qərblə yaranan gərginlik fonunda Asiyaya doğru yönləndiyi fonda baş verir.
Amur çayı üzərində bir kilometr uzunluğunda olan körpü Rusiyanın uzaq şərqindəki Blaqoveşensk şəhəri ilə Şimali Çindəki Heihe şəhərini birləşdirir.
Körpünün tikintisi iki il əvvəl başa çatsa da, koronavirus pandemiyası səbəbindən açılış təxirə salınmışdı.
Cümə günü Blaqoveşenskdə keçirilən mərasim zamanı körpü yük daşımalarına açılıb. İlk yük maşınlarının keçidi atəşfəşanlıqla qeyd edilib.
Rəsmi məlumatlara görə, iki hərəkət zolağından ibarət olan körpünün tikintisi təxminən 19 milyard rubla (328 milyon dollar) başa gəlib.
Soyuq Müharibə dövründə bir zamanlar qatı düşmən olan Moskva və Pekin son illərdə siyasi və iqtisadi əməkdaşlığı gücləndirməkdədirlər. Belə ki, hər iki ölkə ABŞ-ın qlobal dominantlığı kimi gördükləri düzənə qarşı əks-tarazlıq yaratmaq iddiasındadırlar.
4250 kilometr sərhədi olan Rusiya və Çin arasında ticarət 1980-ci illərin sonlarında münasibətlərin normallaşmasından sonra çiçəklənsə də, region hər zaman nəqliyyat infrastrukturunun çatışmazlığı problemi ilə üzləşib.