Accessibility links

Rusiya artıq üçüncü gündür Ukrayna şəhərlərinə kütləvi hava zərbələri endirir


Ukrayna rəsmiləri çərşənbə axşamı Rusiyanın Kyiv və Xarkivə onlarla raket və dron atması nəticəsində ən azı 5 mülki şəxsin öldüyünü, onlarla insanın yaralandığını və böyük zərər vurulduğunu bildiriblər.

Ukraynada üçüncü gündür hava hücumları Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi Moskvanın Ukrayna hava qüvvələrinin Rusiyanın Belqorod şəhərinə 25 mülki şəxsin ölümü ilə nəticələnən hücumunun “cəzasız qalmayacağı” barədə xəbərdarlığından sonra baş verib.

Kyiv meri Vitali Kliçko raket qalıqlarının düşdüyü yerdə bildirib ki, təcili yardım maşınında bir yaşlı qadın ölüb, daha 43 nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zərər vurulmuş binanın səkkizinci mərtəbəsində cəsəd tapılıb.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında “Rusiya alınan hər bir insan həyatı üçün cavab verəcək” deyib.

Rusiya dekabrın 29-da Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə zərbələrini artıraraq, müharibədə azı 39 nəfərin ölümü ilə nəticələnən ən böyük hava hücumunu həyata keçirib.

Kliçko bildirib ki, Kyivin Peçerski rayonunda qaz kəmərləri zədələnib, paytaxtın bir sıra ərazilərində elektrik və su kəsilib. Özəl enerji şirkəti DTEK elektrik təchizatının bərpası üzərində işləyir.

Ukrayna Silahlı Qüvvələrinin komandanı general Valeri Zalujnı bildirib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri 10 “Kinjal” raketinin hamısını, həmçinin 70 qanadlı raketdən 59-nu və üç “Kalibr” qanadlı raketini vurub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kyivin Qərb müttəfiqlərini hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli raketlər və pilotsuz təyyarələrin tədarükünü sürətləndirməyə çağırıb.

Xarkiv Vilayət Polis İdarəsinin rəisi Oleh Sinequbovun sözlərinə görə, şəhərin mərkəzinə raket hücumu nəticəsində 45 nəfər yaralanıb, 91 yaşlı qadın isə həyatını itirib.

Raket hücumundan əvvəl Ukraynanın bir neçə saat əvvəl dəf edildiyini bildirdiyi dron hücumu olub.

Region administrasiyasının məlumatına görə, Kyiv yaxınlığındakı ərazidə ər-arvad ölüb, 11 nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG