Rusiyanın tanınmış tele-jurnalistlərindən biri olan Aleksandr Nevzorov Ukraynaya əsassız müdaxilədə iştirak edən silahlı qüvvələri gözdən salmaqda ittiham olunaraq, qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
Moskvanın Basmannıy rayon məhkəməsi hökmü fevralın 1-də çıxarıb. Prokuror Kreml tənqidçisinə 9 il həbs cəzası istəyib.
İstintaq Komitəsi araşdırmalara 2022-ci ilin martında Nevzorovun İnstaqram və YouTube səhifələrində Ukraynanın Mariupol şəhərindəki qocalar evinə ölümcül hücuma görə silahlı qüvvələri tənqid edən açıqlamalarına və Buça şəhərində mülki şəxslərin işgəncələrə məruz qalaraq, öldürülməsinə dair yazdıqlarına görə başlayıb.
May ayında Moskva məhkəməsi Nevzorov Rusiyaya qayıtdığı halda iki ay müddətinə həbs olunmasına qərar verib.
Nevzorovun Leninqrad vilayətinin şimal-qərbindəki əmlakına həbs qoyulub. Məhkəmənin fikrincə bu, Nevzorov təqsirli bilinəcəyi təqdirdə onun ödəməli olacağı hər hansı cərimənin kompensasiyanın təmin edilməsi üçün atılan bir addımdır.
Nevzorov hazırda Kanadada Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü haqqında mühazirələr edir. Hazırda o, Avropa İttifaqının adının açıqlanmadığı üzv dövlətindən birində yaşayır.
2022-ci ilin iyununda Ukrayna prezidenti Volodimir Zelenski Nevzorov və onun həyat yoldaşı Lidiyaya Ukraynaya "transsendental xidmətlərinə görə" (sədaqətinə görə) Ukrayna vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.