Accessibility links

Rusiya Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli əməkdaşı korrupsiya işi üzrə həbs edilib


Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinə rəhbərlik edən general-leytenant Yuri Kuznetsov Rusiyada yüksək səviyyəli hərbçilərə qarşı davam edən kampaniya fonunda iqamətgahında aparılan axtarış zamanı 1 milyon dollardan çox pul və qiymətli əşyalar aşkar edildikdən sonra korrupsiya işi üzrə həbs edilib.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko mayın 14-də sosial şəbəkədə yazıb ki, Kuznetsov kommersiya qurumundan naməlum xidmət müqabilində rüşvət almaqda şübhəli bilinir.

Petrenko bildirib ki, Kuznetsovun evində axtarışlar zamanı 100 milyon rubldan (1,09 milyon dollar) artıq Rusiya və xarici valyutada pul vəsaitləri, qızıl sikkələr, kolleksiya edilən saatlar və dəbdəbəli əşyalar aşkar edilərək müsadirə edilib.

"Məhkəmə müstəntiqlərin tələbi ilə Kuznetsovu həbs edib", Petrenko əlavə edib.

Kuznetsovun həbsi Kremlin Ukraynada başladığı müharibənin davam etdiyi bir vaxtda korrupsiyanın qarşısını almaq üçün mübarizə apardığına daha bir siqnaldır.

İki gün əvvəl prezident Vladimir Putin yaxın müttəfiqi Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən azad edib, aprelin 23-də isə polis müdafiə nazirinin müavini Timur İvanovu rüşvət almaqda ittiham edərək saxlayıb və daha sonra məhkəmə onu ən azı iki ay müddətə istintaq təcridxanasına göndərib.

Kuznetsov bu vəzifəyə ötən ilin mayında təyin edilib. 2010-cu ildən son vəzifəsinə təyin olunana qədər o, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Nazirliyinə aid məxfi məlumatların qorunmasına cavabdeh olan səkkizinci idarəsinin rəisi vəzifəsində çalışıb.

Medianın adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Kuznetsovun həbsi onun karyerasının həmin dövrü ilə bağlıdır.

Forum

XS
SM
MD
LG