Accessibility links

Rusiya Moskva vilayətində Ukraynaya məxsus dronları vurduğunu iddia edir


Çərşənbə axşamı Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskva vilayəti və iki ölkə sərhədindəki Bryansk üzərində Ukraynanın pilotsuz uçan apparatını vurduğunu bəyan edib.

Rusiya Müdafiə Nazirliyi Moskva bölgəsindəki hücumda iki dronun iştirak etdiyini və hər hansı tələfatın olmadığını bildirib.

Moskvanın meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, bir dron Moskvanın şimal-qərbindəki Krasnoqorsk ərazisində, digəri isə şəhərin qərbindəki Çastsı bölgəsində vurulub.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, Krasnoqorskda hündürmərtəbəli yaşayış binasına cüzi ziyan dəyib və yerə düşən parçalar bəzi avtomobillərə ziyan vurub.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Bryansk üzərində tıxac sistemləri ilə vurulan iki dronun yerə heç bir itki olmadan düşdüyünü bildirib.

Ukraynanın hava hücumları Moskva hava limanlarının bir müddət uçuşları dayandırmasına səbəb olub. Belə bir addım bundan əvvəl də Rusiyanın paytaxt bölgəsinə pilotsuz təyyarələrin hücumlarına cavab olaraq atılmışdı.

Rusiya həmçinin bildirib ki, "Suxoy" təyyarələri Rusiyanın Qara dənizdəki qaz hasilat müəssisələrinin ərazisində fəaliyyət göstərən Ukrayna kəşfiyyat gəmisini məhv edib. Müdafiə Nazirliyinin bəyanatında insidentin dəqiq harada baş verdiyi barədə məlumat da daxil olmaqla, əlavə təfərrüatlar verilməyib.

Forum

XS
SM
MD
LG