Accessibility links

Müharibə dövründə Rusiyanın Aİ-yə enerji satışlarından əldə etdiyi gəlir iki dəfə artıb


Finlandiyada yerləşən tədqiqat təşkilatının ekspertlərinin fikrincə, Rusiyanın Ukraynada apardığı müharibə səbəbilə tətbiq olunan sanksiyalara baxmayaraq, Moskva Avropanın enerji asılılığından faydalanmağa davam edir.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) aprelin 28-də açıqladığı yeni araşdırmasının nəticələri göstərir ki, Rusiyanın Ukraynada iki aylıq müharibə zamanı Avropa İttifaqına etdiyi yanacaq satışından əldə etdiyi gəlirləri təxminən iki dəfə artırıb.

Tədqiqat göstərir ki, artan qiymətlər Rusiyaya sanksiyalar səbəbindən satışın həcmindəki itkini kompensasiya etməkdən əlavə daha çox gəlir verib.

CREA-nın tədqiqatçıları həmçinin deyir ki, yeni sanksiyalar qiymətləri daha da artırmağa davam edir. Bu da Rusiya prezidenti Vladimir Putinin enerjidən Aİ-yə təzyiq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etməsinin qarşısını almaq səylərini puça çıxarır.

Rusiya müharibə başlayandan bəri Aİ-yə 46 milyard avro dəyərində enerji resursları satıb və bu rəqəm artmaqda davam edir.

CREA-nın məlumatına görə, bu, 2021-ci ilin eyni dövründəki satışların məbləğindən təxminən iki dəfə çoxdur.

Satışların həcmində azalma olsa da, neftin qiymətindəki artım Moskvaya fevraln 24-dən bəri ixrac edilən enerjidən təxminən 63 milyard avro (66 milyard dollar) qazandırıb.

CREA-nın məlumatına görə, Aİ-nin idxal etdiyi Rusiya neftinin həcmi 20 faiz, kömürün isə 40 faiz azalıb. Bununla belə, qaz idxalı artıb və Almaniya əsas alıcı olaraq qalmaqdadır. Almaniya müharibənin iki ayı ərzində 9 milyard avro dəyərində enerji məhsulları idxal edib.

CREA-nın aparıcı analitiki Lauri Millivirta bildirib ki, enerjinin davamlı ixracı “sanksiyalarda böyük bir boşluqdur” və Rusiyadan yanacaq alan bütün ölkələr “Rusiya ordusunun törətdiyi dəhşətli beynəlxalq hüquq pozuntularına şərik olurlar”.

O hesab edir ki, müharibəni dayandırmağın yeganə yolu Rusiya enerji daşıyıcılarından tez və tam imtina etmək olardı.

Mart ayında Avropa Parlamenti Rusiya enerjisinə embarqoya çağıran qətnamə qəbul edib. Lakin Avropa İttifaqı indiyədək belə bir embarqonu yalnız müzakirə edib.

Almaniya hökuməti qaz embarqosunun gətirəcəyi iqtisadi ziyan səbəbilə qaz embarqosunu rədd edib, ancaq kansler Olaf Şolz aprelin 28-də deyib ki, Almaniya Rusiyadan qaz tədarükünü dayandırmağa hazırlaşmalıdır.

“Rusiya hökumətinin bununla bağlı hər hansı bir qərar verib-verməyəcəyi spekulyasiyadır, amma buna hazırlaşmaq lazımdır” deyə Şolz Tokioya səfəri zamanı deyib. O həmçinin əlavə edib ki, Almaniya hökuməti artıq Rusiyanın qaz tədarükünü dayandıracağı ehtimalına hazırlaşmağa başlayıb.

XS
SM
MD
LG