Accessibility links

FSB hökumətdən əsgərlərin dəfn xərclərini artırmasını istəyib


Avtomobillər Federal Təhlükəsizlik Xidmətinin (FSB) Moskvanın mərkəzində yerləşən qərargahının qarşısından keçir, 10 noyabr 2015-ci il. REUTERS/Sergei Karpuxin/Foto
Avtomobillər Federal Təhlükəsizlik Xidmətinin (FSB) Moskvanın mərkəzində yerləşən qərargahının qarşısından keçir, 10 noyabr 2015-ci il. REUTERS/Sergei Karpuxin/Foto

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hökümətdən əsgərlərin dəfn mərasimləri və məzar daşları üçün ayrılan vəsaiti artırmağı istəyib.

Bu günlərdə hökumət saytında yerləşdirilən sənədlərinə əsasən, Sovet dövründəki KQB-nin varisi olan FSB-nin dəfn xidmətlərinə ayrılan vəsaitin 17 faiz artırılmasını istədiyi göstərilir.

Bu haqda məlumatı ilk BBC-nin Rus Xidməti yayımlayıb.

Rusiya höküməti hazırda Moskva və Sankt-Peterburq şəhərlərində bir əsgərinin dəfn mərasimi üçün maksimum 28,178 rubl (350 dollar), ölkənin qalan hissəsində isə 20,350 rubl (250 dollar) xərcləyir.

FSB iki böyük şəhərdə dəfn xərclərinin 33,005 rubla (400 dollar), ölkənin qalan hissəsində isə 23,837 rubla (290 dollar) qaldırılmasını istəyib.

Bundan əlavə idarə bir nəfər üçün baş daşı xərcinin 4800 rubldan (59 dollar) 6000 rubla (73 dollar) qaldırılmasını tələb edir.

FSB-nin bu tələbi Rusiyanın Ukraynadakı əsassız müharibəsində ağır canlı qüvvə itkiləri verdiyi bir vaxtda təsadüf edir. Lakin ölənlərin dəqiq sayı, hələ ki, məlum deyil.

Ukrayna ordusu aprelin 11-də bildirib ki, 19,500-ə yaxın rus əsgəri öldürülüb. Rusiya tərəfi isə hələ sonuncu dəfə mart ayında itkilərin sayının 1370 olduğunu xəbər vermişdi.

Rusiyada illik inflyasiya aprelin 8-də 17,5 faizə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. Ölkənin maliyyə sistemi Qərbin sanksiyaları fonunda böyük ölçüdə təcrid olunub və rubl kəskin şəkildə ucuzlaşıb.

Prezident Vladimir Putinin fevralın 24-də Ukraynaya müdaxilə əmrindən sonra ölkədə, demək olar ki, hər şeyin, o cümlədən dəfn mərasimlərinin əsas elementi olan çiçəklərin qiymətləri kəskin şəkildə artıb.

Rusiya xəbər agentliklərinin məlumatına görə, xaricdən gətirilən güllərin qiymətləri bir il əvvəllə müqayisədə mart ayında 40 ilə 200 faiz arasında artıb.

İşğaldan əvvəl Rusiya güllərin təxminən 80 faizini, Qərb ölkələri də daxil olmaqla, xaricdən idxal edirdi.

XS
SM
MD
LG