Almaniya kansleri Olaf Şolz Rusiya Prezidenti Vladimir Putini Ukrayna ilə münaqişənin tezliklə diplomatik həllinə nail olmağa çağırıb.
Şolz, həmçinin atəşkəs, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və bu ölkənin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb. Kanslerin sözlərinə görə, Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə bağlı növbəti addımları cavabsız qalmayacaq və heç bir halda qəbul edilməyəcək.
Almaniya kansleri Putinin diqqətini Zaporijye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə yönəldib və Rusiya tərəfindən ukraynalı məhbuslarla beynəlxalq humanitar hüquq normalarına uyğun davranmağı xahiş edib.
Kreml də öz növbəsində bəyan edib ki, Putin və Şolz xüsusilə qaz tədarükü, taxıl müqaviləsi və Zaporijye Atom Elektrik Stansiyasını müzakirə edib.
"Vladimir Putin xüsusilə federal kanslerin diqqətini Ukrayna tərəfin beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasına, Donbass şəhərlərinin davamlı atəşə tutulmasına, nəticədə mülki əhalinin həlak olmasına və mülki infrastrukturun qəsdən zədələnməsinə yönəldib", Kremlin saytında deyilib.
Putin Şolzla söhbəti zamanı Rusiya tərəfin Beynəlxalq Qırmızı Xaç Komitəsinə hərbi əsirləri görməyə imkan verdiyini, lakin Kyivin bunu etmədiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiya Avropaya enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır, fasilələr isə sanksiyalarla bağlıdır.
Şolzla Putinin söhbəti saat yarım davam edib. Almaniya kansleri və Rusiya Prezidenti sonuncu dəfə may ayında danışıb.