Roskomnadzor Baş Prokurorluğun qərarı ilə Rusiyada Human Rights Watch, Gazeta.ua, Hromadske Radio, Ukraynanın Seqodnya nəşrinin saytlarını və digər 20 resursu bloklayıb. Roskomsvoboda layihəsiTelegram kanalında buna diqqət çəkib.
Aprelin 17-də Baş Prokurorluğun tələbi ilə bloklanan saytların reyestrinə Human Rights Watch saytının səhifələrindən biri - “Ukrayna: Hərbi əməliyyatlardan qaçan mülki vətəndaşlar Rusiyanın hücumu zamanı ölür” başlığı ilə xəbər əlavə edilib.
Rəsmi olaraq sayt tam bloklanmasa da, https protokolunun istifadəsi səbəbindən səhifələrin birinin bloklanması bütün saytdan istifadəyə maneə törədib.
Roskomsvoboda layihəsinə əsasən Baş Prokurorluğun aprelin 17-də qərarı ilə Ukraynanın Apostrof, Censor.net, MigNews və Minfin.com.ua saytları da daxil olmaqla, 24 internet saytı bloklanıb. Eyni zamanda, News Tbilisi saytında Rusiya hərbçilərinin qarəti barədə məqalə də bloklanıb.
Roskomsvoboda layihəsinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri Roskomnadzor artıq Rusiyada 2300-dən çox resursu bloklayıb. Onların arasında Настоящее Время, Azadlıq Radiosu, Amerikanın Səsi, Meduza, Deutsche Welle, Bild, Belsat və s. var.