Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanovun bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də Moskvanın Ukraynaya hərbi müdaxiləsinin davam etdiyi vaxt qismən səfərbərlik elan etməsindən sonra ölkəyə 200 min Rusiya vətəndaşı daxil olub.
Axmetjanov həmçinin oktyabrın 4-də deyib ki, eyni vaxtda 147 min Rusiya vətəndaşı Qazaxıstanı tərk edib. O, rusiyalıların haraya getdiyini deməyib, lakin keçən həftə Qazaxıstan rəsmiləri son günlər ölkəyə daxil olan on minlərlə rusiyalının qonşu Özbəkistan və Qırğızıstana keçdiyini bildiriblər.
Axmetjanov həftə sonundan etibarən Qazaxıstana daxil olan rusiyalıların sayının azalmağa başladığını bildirib. Kütləvi informasiya vasitələri xəbər vermişdilər ki, Rusiya hakimiyyəti Rusiya-Qazaxıstan sərhəd-keçid məntəqələrində səyyar çağırış məntəqələri yerləşdirib.
Axmetjanov keçən həftə bildirib ki, Qazaxıstan Rusiya vətəndaşlarını yalnız rəsmi olaraq beynəlxalq axtarışa verildiyi təqdirdə Rusiyaya ekstradisiya edəcək.
Qazaxıstan Prezidenti Qasım Jomart Toqayev bir müddət əvvəl Rusiya səfərbərliyə başladıqdan sonra əsasən də kişilərdən ibarət rusiyalıların ölkəyə axını ilə bağlı Rusiya hökuməti ilə danışıqlar aparmağı planlaşdırdığını bildirmişdi.
Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi oktyabrın 4-də bildirib ki, sentyabrın 21-dən bəri 70 mindən çox Rusiya vətəndaşı Qazaxıstanda bank hesabları açmaq və işləmək imkanı verən fərdi identifikasiya nömrəsi almaq üçün müraciət edib və bu nömrələri alıblar.
Azadlıq Radiosunun Qazaxıstanın bir çox şəhərlər və qəsəbələrindəki müxbirləri Dövlət Xidmətləri Mərkəzlərinin qarşısında bu nömrələri almaq istəyən əsasən Rusiya vətəndaşlarından ibarət uzun növbələrin olduğu barədə məlumat verir.
Rusiya vətəndaşlarının 30 gün ərzində Qazaxıstana daxil olması üçün beynəlxalq pasport və ya viza tələb olunmur.