Accessibility links

Lvova-Belova: Müharibə başlayandan bəri Rusiyaya 700,000 ukraynalı uşaq aparılıb


Rusiyanın Uşaq Haqları ombudsmanı Mariya Lvova-Belovanın hesabatına görə, Ukraynaya genişmiqyaslı hücum başlayandan bəri Rusiya Ukraynanın 4,8 milyona yaxın sakinini "qəbul edib" ki, onlardan 700,000-dən çoxu uşaqdır. Ombudsmanın sözlərinə görə, ukraynalı uşaqların böyük əksəriyyəti Rusiyaya valideynləri və ya digər qohumları ilə gəlib.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya prezidenti Vladimir Putin və Uşaq Haqları üzrə ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıyır.

Lvova-Belovanın açıqladığı sənədə əsasən, Rusiyaya yetim və ya valideyn himayəsindən məhrum qalmış 1500-ə yaxın uşaq da "gəlib". "Donetsk Xalq Respublikası" adlanan bölgədən 288 uşaq Rusiyadakı himayədar ailələrə verilib. "Luhansk Xalq Respublikası" adlanan bölgədən isə uşaqların öz müəssisələrinə qaytarıldığı, lakin sonradan 92 uşağın rus ailələrində yerləşdirildiyi bildirilib.

Sənəddə deyildiyi kimi, 2022-ci ilin aprelindən oktyabr ayına qədər Donbassda valideyn himayəsindən məhrum olan 380 uşaq Rusiya himayədar ailələrinə verilib.

Hesabatda qeyd olunub ki, 2022-ci ilin noyabrında cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşən Xerson vilayətinin Oleşki şəhərində uşaq evi fəaliyyət göstərib və oradan ağır patologiyası olan 52 uşaq "müvəqqəti olaraq" "təhlükəsiz əraziyə," ilhaq edilmiş Krıma aparılıb.

"2022-ci ilin payızında cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar Xerson, Zaporijye, Xarkiv vilayətləri və digər ərazilərdən olan valideynlər hərbi əməliyyatlardan qorunmaq üçün könüllü olaraq övladlarını məzuniyyətə göndəriblər. Həmin uşaqlar valideynlərinin etibarnaməsi ilə onları müşaiyət edən şəxslərlə birlikdə Krım və Krasnodar diyarındakı sanatoriyalar və istirahət evlərinə yerləşdirilib," Lvova-Belovanın hesabatında bildirilib.

Ukrayna hökumətinin 31 iyul 2023-cü il tarixində açıqladığı rəsmi məlumatına görə, 2022-ci il fevralın 24-ü tarixindən indiyədək Ukraynadan Rusiyaya 19,546 uşaq deportasiya edilib.

Forum

XS
SM
MD
LG