Accessibility links

ABŞ: Rusiya Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi alır


ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən müharibə üçün Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi alınması prosesindədir.

ABŞ kəşfiyyatıınn adının açıqlanmasını istəməyən rəsmisi bazar ertəsi Rusiyanın təcrid olunmuş Şimali Koreyaya üz tutması faktının “ixraca nəzarət və sanksiyalar səbəbindən Rusiya ordusunun Ukraynada ciddi təchizat çatışmazlığından əziyyət çəkməyə davam etdiyini” göstərdiyini deyib.

ABŞ kəşfiyyatinin rəsmiləri hesab edir ki, ruslar gələcəkdə Şimali Koreyadan əlavə hərbi texnika almağa çalışa bilər. Kəşfiyyat məlumatı ilk dəfə The New York Times qəzeti tərəfindən dərc edilib.

ABŞ rəsmisi Rusiyanın Şimali Koreyadan nə qədər silah almaq niyyətində olduğunu açıqlamayıb.

Bu məlumat Bayden administrasiyasıınn bu yaxınlarda Rusiya hərbi qüvvələrinin avqust ayında Ukraynada döyüş meydanında istifadə üçün İran istehsalı olan dronları təhvil aldığını təsdiqləməsindən sonra verilib.

Ağ Ev keçən həftə Rusiyanın Ukraynada apardığı müharibədə istifadə etmək üçün avqust ayında Tehrandan aldığı İran istehsalı dronlarla bağlı texniki problemlərlə üzləşdiyini bildirib.

Rusiya keçən ay bir neçə gün ərzində Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatları əldə edib. Bayden administrasiyasının bildirdiyinə görə, bu, çox ehtimal ki, Rusiyanın Ukraynada istifadə etmək üçün İranın yüzlərlə pilotsuz uçuş aparatı almaq planının bir hissəsidir.

Şimali Koreya Rusiya ilə münasibətləri gücləndirməyə çalışaraq, Ukrayna böhranında ABŞ-ı günahlandırıb və Qərbin Rusiyanın Ukraynada özünümüdafiə məqsədilə hərbi əməliyyatlarına haqq qazandıran “hegemon siyasətini” pisləyib.

Şimali koreyalılar Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş ərazilərin bərpasına yardım etmək üçün inşaat işçilərini göndərməkdə maraqlı olduqlarına da işarə ediblər.

Şimali Koreyanın Moskvadakı səfiri bu yaxınlarda Ukraynanın Donbas bölgəsində Rusiyanın dəstəklədiyi iki separatçı ərazinin nümayəndələri ilə görüşüb və ölkəsinin pandemiya ilə bağlı sərhəd nəzarətini yumşaltmasını əsas gətirərək, “əmək miqrasiyası sahəsində” əməkdaşlığa nikbin yanaşdığını bildirib.

İyul ayında Şimali Koreya Rusiya və Suriyadan sonra Donetsk və Luqansk ərazilərinin müstəqilliyini tanıyan yeganə dövlət olaraq, bununla Ukraynada münaqışə ilə bağlı Rusiyaya daha yaxınlaşıb.

XS
SM
MD
LG