Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Putinin Ukraynanın dörd regionunu ilhaq etmək cəhdindən sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqların “mümkün olmadığını” bəyan edən fərman imzalayıb.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya Zelenski fikrini dəyişənə qədər və ya Ukraynaya yeni prezident gələnə qədər gözləyəcək.
Rusiya parlamentinin yuxarı palatası çərşənbə axşamı Ukrayna və onun Qərb müttəfiqləri tərəfindən qınanan, BMT-nin baş katibi Antonio Quterreş tərəfindən “təhlükəli eskalasiya” və “hüquqi qüvvəsi olmayan” kimi xarakterizə edilən prosesi sürətləndirərək, Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə səs verib.
Rusiya parlamentinin aşağı palatası Moskvanın Ukraynanın Rusiya qüvvələri tərəfindən işğal edilən dörd bölgəsində referendum təşkil etməsindən sonra ilhaqı artıq təsdiq etmişdi.
Quterreş keçən həftə "bir dövlətin başqa dövlətin ərazisinin güc tətbiqi və ya hədələməklə ilhaq etməsi BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır" deyib.
Rusiya ilhaq iddialarını davam etdirdiyi bir vaxt Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan ərazilərdə əks-hücum əməliyyatlarında uğur qazanıb.
Xersonda Rusiya tərəfindən təyin edilmiş rəsmilər Ukrayna ordusunun bəzi yaşayış məntəqələrini geri aldığını bildirib. Rusiya Müdafiə Nazirliyi isə etiraf edib ki, Ukrayna “üstünlük təşkil edən tank birləşmələri ilə “müdafiəmizin dərinliklərinə irəliləməyi bacarıb”.
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi gecə etdiyi çıxışı zamanı Ukrayna ordusunun irəlilədiyini bildirib. Təfərrüatlara varmadan o, ordunun bir neçə şəhərləri geri aldığını deyib.
"Bir neçə rayonda yeni yaşayış məntəqələri azad edilib. Cəbhənin bir neçə bölməsində şiddətli döyüşlər gedir," Zelenski deyib.
Zelenski bazar günü bildirib ki, onun Xersondakı qüvvələri Arxanhelskoye və Mirolyubivka yaşayış məntəqələrini azad edib.
Lakin Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Moskva qoşunları “əvvəlcədən hazırlanmış müdafiə xəttini ələ keçirib və Kyiv qüvvələrinə ağır zərbələr endirməkdə davam edir”.
ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bazar ertəsi Birləşmiş Ştatların Rusiya qüvvələrinin qərbə doğru irəliləməyə çalışdığı bir vaxt şiddətli döyüşlərin davam etdiyini gördüyünü deyib və bildirib ki, "lakin Ukrayna qüvvələri müdafiə xəttini saxlamağa davam etdiyi vaxt əhəmiyyətli dəyişikliklər baş verməyib".