Accessibility links

Rusiya hərbi təyyarəsinin qara qutusu aşkar edilib


Rusiyanın Müdafiə Nazirliyi axtarış komandasının həftə sonu Qara dənizə düşən hərbi sərnişin təyyarəsinin qara qutusunun aşkar edildiyini bildirib.

Rusiya xəbər agentliyinin verdiyi məlumata görə, qara qutu təhqiq edilmək üçün Moskvaya gətiriləcək. Təhqiqatçılar qəzaya nəyin səbəb olduğunu müəyyən etməyə çalışır.

Rəsmilər bildirib ki, bazar günü baş vermiş qəzanın terror hadisəsi olması istisna edilmir, lakin qəzanın terror hücumu nəticəsində baş verdiyi ehtimalı azdır.

Təyyarədə olan 92 nəfər həlak olub. Müdafiə Nazirliyi bildirib ki, bu gün axtarış komandası 12 cəsəd və çox sayda cəsəd hissələri aşkşar edib.

Təyyarə yaxşı hava şəraiti altında Soçi hava limanından qalxandan iki dəqiqə sonra Qara dənizə düşmədən öncə heç bir fəlakət siqnalı göndərməyib. Qəza nəticəsində 8 ekipaj üzvü və 84 sərnişin həlak olub. Sərnişinlər arasında Rusiyanın bütün dünyada Qırmızı Ordu Xoru kimi tanınan məşhur Aleksandrov Ansamblının onlarla üzvü də olub.

Müdafiə naziri deyib ki, 100 dalğıc daxil olmaqla 32 gəmidə 3 min xilasetmə işçisi qəza nəticəsində sağ qalanların axtarışlarını davam etdirir. Xilasetmə işçiləri helikopter, dronlar və sualtı qayıqlarla dəstəklənir.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsini matəm günü elan edib və təyyarənin qəzaya uğramasının səbəbini müəyyən etmək üçün lazım olan hər şeyin ediləcəyini deyib.

Təyyarə Suriyadakı Xmeimin hava bazasına doğru yola çıxmışdı. Orada xor Rusiyanın hərbi personalı üçün Yeni İl konsertində çıxış edəcəkdi.

XS
SM
MD
LG