Accessibility links

Rusiyada ordu və ya alternativ mülki qulluğa çağırılan şəxslərin xarici pasportları əllərindən alınacaq


Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydaları" ilə bağlı qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini imzalayıb. Sənəd hüquqi informasiya portalında dərc olunub.

Sənədə əsasən, orduya və ya alternativ mülki qulluğa çağırılan şəxslər xarici pasportlarını Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə və ya Dövlət və Bələdiyyə Xidmətləri Mərkəzinə təhvil verməlidir. Müvafiq komissiya tərəfindən hərbi xidmətə çağırış haqqında qərar qəbul edildiyi andan başlayaraq xarici pasportun təhvil verilməsinə beş gün vaxt verilib. Pasportlar hərbi xidmətdən sonra qaytarıla bilər.

Söhbət yalnız 18 yaşdan 27 yaşa qədər (2024-cü ildən çağırış yaşı 19 yaşdan 30 yaşadək olan) ehtiyatda olmayan və çağırış komissiyası tərəfindən hərbi xidmətə çağırılması haqqında qərar qəbul edilmiş şəxslərdən gedir.

Dəyişikliklər rəsmi dərc edildikdən 180 gün sonra qüvvəyə minəcək. Hüquq müdafiəçilərinin fikrincə yeni qanun böyük ehtimalla 2023-cü ilin payız çağırışına təsir etməyəcək.

Bu qanunun digər müddəaları vətəndaşın cinayət törətdiyinə görə cəza çəkdiyi, məhkəmə tərəfindən qoyulmuş öhdəliklərin icrasından yayındığı, müflis elan edildiyi və ya pasport verərkən bilərəkdən yalan məlumat verdiyi halda pasportu müsadirə etməyə imkan verir.

Bu halda məhkəmələr, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Bürosunun Sərhəd Xidməti, Federal Gömrük Xidməti, Federal Məhkəmə İcraçıları Xidməti, habelə Rusiyanın diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri həbs haqqında qərar verə biləcək.

XS
SM
MD
LG