Accessibility links

Kreml "Vaqner"in keçmiş komandirinə könüllülərdən ibarət döyüş bölmələrinin yaradılmasını tapşırıb


Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin "Vaqner" muzdlu dəstəsinin keçmiş qərargah rəisi Andrey Troşevlə görüşüb və yeni könüllü döyüş bölmələrinin yaradılması ilə bağlı məsuliyyəti ona tapşırıb.

Bir gün sonra dərc edilən söhbətin stenoqramına görə, sentyabrın 28-də Troşev və Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüş zamanı Putin "son görüşümüzdə siz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələrin formalaşdırılması ilə məşğul olacağınızı demişdiniz" deyib.

Putin vurğulayıb ki, Troşev "daha keyfiyyətli və uğurlu döyüş fəaliyyətini təmin etmək üçün həll edilməli olan məsələlərdən əvvəlcədən xəbərdardır".

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 29-da jurnalistlərə bildirib ki, "Vaqner"in keçmiş baş qərargah rəisi hazırda Müdafiə Nazirliyində işləyir.

Avqust ayında Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirmişdi ki, "Vaqner"in komandirləri Troşevi və muzdlu qrupun digər yüksək rütbəli üzvlərini "Rusiya Müdafiə Nazirliyinə bağlı özəl "Redut" hərbi şirkətinin xeyrinə "Vaqner"ə xəyanətdə" ittiham edib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin, Rusiya Hərbi Hava Qüvvələrinin və Rusiya Müdafiə Nazirliyinin bölmələrinin bir neçə kiçik veteran qruplarının birləşməsindən ibarət olan "Redut" Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başladığı vaxtdan bəri Ukraynadakı müharibədə fəallıq göstərir.

Müharibənin Öyrənilməsi İnstitutunun hesabatı "Vaqner"in təsisçisi və lideri Yevgeni Priqojinin olduğu təyyarənin avqustun 23-də Moskva ilə Sankt-Peterburq arasında qəzaya uğraması və içərisində olan 10 nəfərin hamısının həlak olmasından üç gün əvvəl yayılıb.

Avqustun 27-də Rusiya rəsmiləri bildiriblər ki, Priqojinin cəsədi şübhəli şəraitdə Tver vilayətində qəzaya uğrayan Embraer-600 təyyarəsinin göyərtəsində olan digər doqquz nəfərlə birlikdə tibbi ekspertizalar tərəfindən müəyyən edilib.

Ölümündən iki ay əvvəl, iyunun 23-24-də Priqojin minlərlə döyüşçüsünü Ukraynada döyüşən hərbi komandanlığa qarşı qısamüddətli üsyana göndərərək, iyirmi ildən çox, hakimiyyətdə olduğu müddətdə Putinə ən böyük problemlərdən birini yaratmışdı.

Qiyam Ukraynadakı müharibə strategiyası və sursat təchizatı ilə bağlı Rusiyanın hərbi rəhbərliyi ilə aylarla davam edən gərgin ictimai çəkişmələrdən sonra baş qaldırmışdı. Belə ki, "Vaqner" döyüşçüləri Ukraynanın şərqindəki Baxmut uğrunda gedən ağır döyüşlərdə böyük rol oynayırdı.

Sentyabrın ortalarında Britaniya hökuməti qrupun Priqojinin ölümündən sonra da qlobal təhlükəsizliyə təhdid olaraq qaldığını bildirərək, "Vaqner"i terror təşkilatları siyahısına əlavə edib.

Yanvarın əvvəlində Vaşinqton muzdlulardan ibarət "Vaqner" qrupunu transmilli cinayət təşkilatı olaraq tanıyıb.

Forum

XS
SM
MD
LG