Accessibility links

Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib


Rusiya prezidenti Vladimir Putin əksər potensial rəqiblərin qorxudulması və ya həbs edilməsinə görə seçicilərə real alternativin verilmədiyi seçkilərdən sonra yenidən altı illik müddətə qələbəsini qeyd edir.

Putin tərəfdarlarına seçkiləri demokratik hesab etdiyini deyib və səsverməyə etiraz edənləri rədd edib.

"Bizim qarşıda çox işimiz var. Amma biz birləşdiyimiz zaman kimsə bizi qorxutmaq, əzmək istəsə də, bu tarixdə heç kimə uğur qazandırmayıb, bunu heç kim bacarmayıb, gələcəkdə də bacarmayacaq" - deyə, Putin bildirib.

Putinin 24 illik hakimiyyətini uzatmaq məqsədilə cümə günü başlayan üç günlük seçkilər onun özünün və ya onun Ukraynada apardığı müharibəyə qarşı heç bir ictimai tənqidinə icazə verilmədiyi, ciddi nəzarət altında bir mühitdə baş tutub.

Rusiya Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, Putin 87% səs toplayıb.

Reuters xəbər agentliyi kommunist namizəd Nikolay Xaritonovun 4%-dən az səslə ikinci, siyasətə yeni gələn Vladislav Davankovun üçüncü, ultra-millətçi Leonid Slutskinin isə dördüncü yerdə olduğunu bildirib.

"Cənab Putinin siyasi opponentlərini necə həbs etdiyini və başqalarının ona qarşı mübarizə aparmasına mane olduğunu nəzərə alsaq, seçkilər azad və ədalətli olmayıb", Reuters xəbər agentliyi Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsünə istinadən bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü etdiyi gecə müraciətində Putinin “hakimiyyət aludəçisi” olduğunu deyib.

"Onun şəxsi hakimiyyətini uzatmaq üçün etməyəcəyi heç bir pislik yoxdur", Zelenski deyib.

Britaniyanın xarici işlər naziri Devid Kemeron "seçicilər üçün seçim imkanının olmadığını", eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən müstəqil monitorinqin aparılmadığını deyərək, səsverməni tənqid edib.

"Bu, azad və ədalətli seçkilər kimi görünmür", Kemeron X səhifəsində deyib.

Çin Putini qələbə münasibətilə təbrik edib və iki ölkə arasında strateji əlaqələri vurğulayıb.

"Biz qətiyyətlə inanırıq ki, prezident Şi Tsinpin və prezident Putinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri irəliləməyə davam edəcək", Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian jurnalistlərin səsvermə ilə bağlı sualını cavablandırarkən bildirib.

Şimali Koreya, Honduras, Nikaraqua və Venesuela liderləri də Putinin qələbəsi ilə bağlı təbrik mesajları göndərib.

Rusiyada siyasi həbsləri izləyən OVD-İnfo monitorinq qrupunun bazar günü verdiyi məlumata görə, Rusiya hakimiyyəti ölkə boyu "Putinə qarşı günorta" aksiyasında iştirak etdiyi üçün təxminən 74 nəfəri saxlayıb.

Müxalifət bildirib ki, minlərlə insan Vladimir Putinin yenidən prezident seçilməsinə qarşı dinc, simvolik siyasi etirazda iştirak etmək üçün bazar günü ölkənin seçki məntəqələrinə axışıb.

Forum

XS
SM
MD
LG