Accessibility links

Rusiya xaricə ixrac etdiyi silahları geri qaytarmaq istəyir


The Wall Street Journal öz mənbələrinə istinadən yazır ki, Moskva əvvəllər Pakistan, Misir, Braziliya və digər ölkələrə ixrac etdiyi silahların bir hissəsini geri qaytarmaq istəyir.

Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, aprel ayında Rusiya rəsmiləri Qahirəyə səfər edərək, Misir prezidenti Əbdülfəttah Əl-Sisidən Rusiya helikopterlərinin yüzdən çox mühərrikini geri qaytarmağı xahiş edib. Mühərriklər Moskvaya Ukraynaya qarşı müharibə üçün gərəkdir. Rusiya avadanlıq müqabilində Misirə borcunu azaltmaq, güzəştli buğda tədarükü və hərbi məsləhətçilərinin xidmətlərini vəd edib.

Misirin bu tələbləri yerinə yetirdiyi və ABŞ-a xəbər vermədən müqavilə bağladığı bildirilib.

Jurnalistlərin bildirdiyinə görə, Rusiya Pakistan, Belarus və Braziliyaya da eyni xahişlə müraciət edib.

Həmçinin Yaponiyanın Nikkei media korporasiyası tərəfindən aparılan gömrük məlumatlarına görə, Rusiya Hindistan və Myanmaya tədarük etdiyi hərbi texnikanı geri almağa çalışıb.

Pxenyanın Ukraynadakı müharibədə istifadə etmək üçün Moskvaya silah tədarük etməsi ilə bağlı xəbərlərdən sonra Seulda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Şimali Koreya ilə Rusiya arasında "artan və təhlükəli" hərbi əməkdaşlığı pisləyib.

Blinken Cənubi Koreyanın xarici işlər naziri Park Çinlə görüşündən sonra keçirilən mətbuat konfransında "Bu, ABŞ, Cənubi Koreya və dünyanın digər ölkələri üçün dərin narahatlıq doğurur" deyib.

Forum

XS
SM
MD
LG