Accessibility links

Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbaçov 91 yaşında vəfat edib


Sovet İttifaqının süqutuna başçılıq edən və onilliklər boyu davam edən soyuq müharibə qorxusunun sona çatmasına yardım etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülən Mixail Qorbaçov 91 yaşında vəfat edib.

Moskvanın yaxınlığındakı Mərkəzi Klinik Xəstəxanadan dövlət TASS xəbər agentliyinə bildirilib ki, Qorbaçov dünyasını çərşənbə axşamı gecə “ağır və uzun sürən xəstəlikdən sonra” dəyişib.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü başsağlığı teleqramında bildirib ki, Qorbaçov Sovet sistemində islahatların aparılmasının zəruriliyini “dərindən başa düşüb” və “problemlərin təcili həll yollarını təklif etməyə çalışıb”.

“Qorbaçov dünya tarixinin gedişatına böyük təsir göstərmiş siyasətçi və dövlət xadimi idi. O, ölkəmizə mürəkkəb, dramatik dəyişikliklər və genişmiqyaslı xarici siyasət, iqtisadi və sosial çağırışlar dövründə rəhbərlik edib,” Putin bildirib.

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı verdiyi açıqlamada Qorbaçovun “gözəl dünyagörüşlü bir insan olduğunu” deyib.

“SSRİ-nin lideri kimi o, prezident Reyqanla iki ölkənin nüvə arsenallarını azaltmaq, bütün dünyada nüvə silahı yarışına son qoyulmasnı arzu edən insanların rahatlığı üçün çalışıb. Onilliklər ərzində amansız siyasi repressiyalardan sonra o, demokratik islahatları qəbul edib. O, aşkarlıq (qlasnost) və yenidənqurmaya sadəcə şüarlar kimi deyil, illərlə təcrid və məhrumiyyətlərdən sonra Sovet İttifaqındakı xalqları irəliyə aparan yol kimi inanıb,” Bayden deyib.

1917-ci il Bolşevik İnqilabından 15 il sonra Rusiyada kəndli ailəsində dünyaya gələn Qorbaçov nüvə apokalipsisi təhlükəsinin azaldılmasındakı roluna görə dünya miqyasında 20-ci əsrin ən nüfuzlu simalarından birinə çevrilib.

XS
SM
MD
LG