Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyası Rusiyanın bölgənin işğal olunmuş ərazilərindən apardığı uşaqlardan 24-nün geri qaytarıldığını bildirib.
Uşaqları geri qaytarılmasına "Ukraynanı xilas et" xeyriyyə fondunun könüllüləri yardım edib. Aprelin 10-da uşaqları Xerson şəhərində Xerson vilayətinin rəhbəri Aleksandr Prokudin qarşılayıb.
Könüllülər bunun ən çətin xilasetmə missiyalarından biri olduğunu deyib. "Ruslar uşaqların valideynlərini 13 saat dindirdikdən sonra onları təbliğat reportajında iştirak etməyə məcbur edib" - deyə, məlumatda bildirilib.
Aprelin 8-də Ukraynaya 31 uşaq qaytarılıb. "Ukraynanı xilas et" təşkilatının icraçı direktoru, prezidentin uşaq hüquqları üzrə keçmiş komissarı Mikola Kuleba bunun beşinci xilasetmə missiyası olduğunu deyib.
Fond bundan əvvəl Xerson və Xarkiv vilayətlərinin işğal olunmuş ərazilərindən Krımdakı yay düşərgəsinə aparıldığı iddia edilən 17 uşağı 6 ay saxlandıqdan sonra geri qaytarıb. Uşaqlardan biri - 16 yaşlı Vitali uşaqların işğal olunmuş Krımda yaşadıqları şəraitindən, məruz qaldığı fiziki cəzalar haqqında danışıb.
Ukrayna ombudsmanının məlumatına görə, müharibə zamanı Ukraynadan Rusiyaya 16 mindən çox uşaq deportasiya edilib. Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmə buna görə Rusiya Federasiyası prezidentinin şəxsən məsuliyyət daşıması üçün "əsaslar" olduğunu bildirib.
Rusiya hökuməti uşaqları apararaq, onları atəşdən xilas etdiyini iddia edir. Eyni zamanda, Rusiyada belə uşaqların övladlığa götürülməsi halları da qeydə alınıb ki, bu da beynəlxalq konvensiyalara ziddir.