Accessibility links

Moskva Kyivlə "danışıqlara açıq" olduğunu, lakin məqsədinin dəyişməyəcəyini deyib


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynaya davam edən əsassız müdaxiləsi ilə bağlı Moskvanın Kyivlə "danışıqlara açıq" olduğunu deyib və vurğulayıb ki, Ukraynanın şərqindəki "xüsusi hərbi əməliyyatın məqsədi dəyişməyəcək".

Oktyabrın 13-də "İzvestiye" qəzetinə verdiyi müsahibəsində Peskov deyib ki, "xüsusi hərbi əməliyyatlar məqsədlərimizə çatmaq üçün davam edir, belə ki, biz onlara siyasi və diplomatik yollarla nail ola bilmədik".

Peskov onu da əlavə edib ki, Moskva qarşılıqlı hörmət əsasında digər ölkələrlə danışıqlara açıqdır.

Keçən ay Ukrayna qüvvələrinin Rusiya qoşunları tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün uğurlu əks-hücum əməliyyatlarına başlaması və döyüş meydanında böyük uğursuzluqlardan sonra Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə Moskvanın Ukrayna ilə danışıqlara "hazır olduğunu" bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqları rədd edərək, danışıqların yalnız Putin vəzifəsini tərk etdikdən sonra davam edə biləcəyini və Ukraynanın Rusiyanın "növbəti" prezidenti ilə danışacağını deyib.

Oktyabrın 13-də Moskva ilə Kyiv 20 əsgər mübadiləsi aparıb. Bu, tərəflər arasında bir həftədə baş tutan ikinci məhbus mübadiləsidir.

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak Telegram səhifəsində "Yeni əsir mübadiləsi, daha bir sevinc anı - 20 nəfəri azad edə bildik” yazıb.

Yermak bildirib ki, azad edilənlərdən 14-ü Ukrayna ordusunun, 4-ü ərazi müdafiəsinin əsgərləri, digər 2-si isə milli qvardiya və donanmanın üzvləridir.

Yermak onlardan bəzilərinin Donetsk vilayətindəki Olenivka həbsxanasında, digərlərinin isə Zaporijye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində saxlandığını bildirib.

Rusiya Müdafiə Nazirliyi öz əsgərlərinin geri qayıtması barədə məlumatı Telegram-da bildirib. "İyirmi rus əsgəri Kyivin nəzarətində olan Ukrayna ərazisindən geri qayıdıb və onlara lazım olan tibbi və psixoloji yardım göstərilib" - deyə, bildirib.

XS
SM
MD
LG