Accessibility links

Rusiya Odesaya raket və dronlarla hücum edib


Ukrayna rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın cənubundakı liman şəhəri Odesaya edilən hava hücumu nəticəsində azı üç nəfər yaralanıb.

Hərbçilər hava hücumundan müdafiə vasitələrinin Rusiyanın istifadə etdiyi 15 pilotsuz uçuş aparatının hamısını, həmçinin 8 dəniz raketini vurduğunu, lakin yerə düşən parçaların dağıntılara səbəb olduğunu bildirib.

Raket parçalarının supermarketə düşməsi nəticəsində mülki vətəndaşlar xəsarət alıb, tələbə yataqxanasına ziyan dəyib.

Regionun qubernatoru Oleh Kiper Telegram kanalında bildirib ki, yanğınsöndürənlər raket hissələrinin yerə düşməsi səbəbindən baş verən bir neçə yanğınla mübarizə aparıb.

Bazar günü Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində biri 23 günlük qız da daxil olmaqla, azı 7 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Onun cəmi 12 yaşı olan qardaşı xəstəxanaya aparıldı. Təəssüf ki, onu xilas edə bilmədilər. O, aldığı ağır yaralardan dünyasını dəyişdi. Uşaqların anası, adı Olesiya idi, cəmi 39 yaşı var idi, öldü. Başsağlığı verirəm," Ukrayna Prezidenti Volodimir Zelenski gecə yaydığı video-müraciətində bildirib.

Bazar ertəsi Rusiya hərbi gəmisinin Ukraynanın İzmail limanına gedən Palau bayraqlı yük gəmisinə xəbərdarlıq atəşi açmasından sonra Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Hərbi Dəniz Donanmasının beynəlxalq hüququ kobud şəkildə pozduğunu bəyan edib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq ictimaiyyət "Rusiya Federasiyasının gəmilərin Qara Dənizdən sülh yolu ilə keçməsinə mane olan hərəkətlərinin qarşısını almaq üçün qətiyyətli addımlar atmağa" çağrılıb.

Ukrayna həmçinin tərəfdaşlarını "qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən Qara Dəniz Taxıl Təşəbbüsünün fəaliyyətini qorumaq üçün səylərini gücləndirməli" olduğunu deyib.

Forum

XS
SM
MD
LG