Ukrayna Xarici İşlər Nazirliyi Rusiya qüvvələri tərəfindən ələ keçirilən Mariupoldakı “Azovstal” zavodunda ilişib qalan yüzlərlə mülki vətəndaşın təcili təxliyə edilməsinə çağırıb.
Nazirlik aprelin 21-də Twitter səhifəsində “Azovstalda vəziyyət çıxılmazdır. Yüzlərlə dinc sakin, uşaq, yaralı ukraynalı müdafiəçi zavodun sığınacaqlarında qalıb. Onların ərzaq, su və zəruri dərman vasitələri, demək olar ki, yoxdur” - deyə, yazıb.
“Orada çox sayda mülki əhalinin sığınmasına baxmayaraq, “Azovstal” Rusiya tərəfindən davamlı olaraq bombalanır. Ukraynalılar Rusiya qoşunlarına inanmır, deportasiya olunmaqdan, öldürülməkdən qorxurlar. Azovstal zavodundan təcili humanitar dəhliz yaradılmalı və insanların təhlükəsizliyinə zəmanət verilməlidir” deyə bildirilib.
Mülki əhalinin və yaralıların təhlükəsiz keçidi üçün müraciət Moskvanın dəmir-polad zavodu istisna olmaqla, liman şəhərinin tam nəzarətini əlinə aldığını iddia etməsindən sonra edilib.
Rusiya qoşunları obyektə hücum etməyi planlaşdırırdı, lakin prezident Vladimir Putin aprelin 21-də bunun çox sayda Rusiya əsgərinin itkisinə səbəb olacağını deyərək, əməliyyatı dayandırmaq əmri verib. Bunun əvəzində o, qüvvələrini Azovstalı möhkəm mühasirəyə almağı əmr edib və “hətta oradan milçək belə çıxa bilməməlidir” deyib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə Azovstal zavodunda 2000 Ukrayna əsgərinin olduğunu bildirib.
Rusiyanın fevralın 24-də ölkəni işğal etməzdən əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının ilişib qaldığı güman edilir.
Mariupol uğrunda döyüş Moskvanın hərbi mövcudluğunu artırdığı strateji əhəmiyyətli Donbas bölgəsində Rusiyanın genişmiqyaslı hücumunun bir hissəsidir.