Accessibility links

Rusiya Azovstal-dakı mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açacağını bildirib


Rusiya ordusu Mariupolda mühasirədə olan Azovstal polad zavodundakı mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açacağını bildirib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, bütün mülki vətəndaşların Azovstal ərazisini tərk etməsi üçün dəhliz aprelin 25-də yerli vaxtla saat 14:00-da açılacaq.

Nazirliyin bəyanatında Rusiya qoşunları "2022-ci il aprelin 25-i Moskva vaxtı ilə saat 14:00-dan etibarən birtərəfli qaydada döyüş əməliyyatlarını dayandıracaq, bölmələri təhlükəsiz məsafəyə çıxaracaq və mülki şəxslərin çıxarılmasını təmin edəcək" deyilib.

Azov dənizinin liman şəhərindəki geniş sahəli metallurgiya zavodu Ukrayna müqavimətinin strateji əhəmiyyətli son qalası olaraq qalır.

Ukrayna rəsmiləri 1000-ə qədər mülki vətəndaşın zavodun yeraltı tunellərinində sığınıb qaldığını bildirib.

Onlar Rusiyanı mülki əhalinin təhlükəsiz çıxışını təmin etməyə çağırsalar da, evakuasiya cəhdləri dəfələrlə uğursuz olub.

Ukrayna hökumətinin bildirdiyinə görə, Rusiya qüvvələri Azovstal bölgəsindəki Ukrayna mövqelərinə raket və bomba zərbələri endirməkdə davam edir.

Ukraynanın Dəmir Yolu Xidmətinin rəhbəri ölkənin mərkəzi və qərb bölgələrindəki beş stansiyanın raket zərbələrinə məruz qaldığını bildirib.

Dəmiryol Xidmətinin sədri Aleksandr Kamışin Telegram səhifəsində "Rusiya qoşunları dəmir yolu infrastrukturunu sistemli şəkildə məhv etməkdə davam edir. Bu gün səhər bir saat ərzində Ukraynanın mərkəzi və qərbində beş dəmir yolu stansiyası atəşə tutulub" yazıb.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Kamışin bildirib ki, qatarlar təhlükəsizlik səbəbi ilə alternativ marşrutlar və cədvəllərlə işləməyə məcbur olur.

XS
SM
MD
LG