Accessibility links

Rusiya generalı deyib ki, Moskva Ukraynanın bütün cənub və şərqini ələ keçirmək niyyətindədir


Rusiya generalı cümə günü deyib ki, Moskva Ukraynanın bütün cənub və şərqini ələ keçirmək niyyətindədir. Bu isə Rusiyanın əvvəllər etiraf etdiyindən daha genişmiqyaslı hücum nəzərdə tutduğuna işarə edir.

Ukraynanın bildirdiyinə görə, Rusiyanın mərkəzi hərbi dairəsinin komandir müavini Rüstəm Minnekayevin şərhləri Rusiyanın ərazi iddialarının olmadığına dair söylədiklərinin doğru olmadığını göstərir.

“Onlar artıq bunu gizlətmir. [Rusiya] müharibənin “ikinci mərhələsinin” məqsədinin mifik nasistlər üzərində qələbə deyil, sadəcə olaraq Ukraynanın şərqi və cənubunu işğal etmək olduğunu etiraf edib. İmperializm budur” deyə, Ukrayna Müdafiə Nazirliyi Twitter səhifəsində yazıb.

Rusiyanın dövlət xəbər agentlikləri Minnekayevə istinadən bildiriblər ki, Moskva Moldovanın Rusiyanın işğalı altında olan separatçı regionu kimi Donbasın bütün şərq bölgəsini ələ keçirmək, Krım yarımadası ilə əlaqə qurmaq üçün quru dəhliz yaratmaq və Ukraynanın bütün cənubunu qərbə qədər ələ keçirmək istəyir. Bu, hücumun hazırda olduğundan yüzlərlə kilometr daha irəliyə uzanacağı deməkdir.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın Ukrayna şəhərlərini həmişəlik işğal etmək niyyətində olmadığını demişdi. Rusiya 2014-cü ildə Krımı ilhaq edib və bu addım beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə pislənib.

BMT-nin insan hüquqları təşkilatı Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyinə dair sübutların artdığını bildirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet “Rusiya silahlı qüvvələrinin əhalinin məskunlaşdığı əraziləri heç bir fərq qoymadan atəşə tutması və bombalaması, mülki əhalini öldürməsi, xəstəxanaları, məktəbləri və digər mülki infrastrukturu dağıtması, müharibə cinayəti sayıla biləcək hərəkətlərdir” deyib.

ABŞ prezidenti Co Bayden “Mariupolun onların əlinə keçdiyinə dair heç bir sübut yoxdur” desə də, Rusiyanın həftələrdir davam edən bombardmanı şəhərin çox hissəsini viran qoyub. Rusiyanın fevralın 24-də ölkəni işğal etməsindən əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının mühasirədə qaldığı güman edilir.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Mariupolun böyük hissəsinə nəzarət etdiyini, lakin Ukrayna qoşunlarının mühasirəyə alınan şəhərin bir hissəsində qaldığını bildirib.

XS
SM
MD
LG