Accessibility links

Rusiya ölkənin cənubunda hərbi aerodromda Ukraynaya məxsus dronu vurduğunu bildirib


Rusiya xəbər agentliklərinin ölkənin Müdafiə Nazirliyinə istinadən bildirdiyinə görə, Rusiya qüvvələri bazar ertəsi Ukraynaya məxsus dronu vurub. Pilotsuz təyyarənin qalıqlarının Rusiyanın cənubundakı bazaya düşməsi nəticəsində 3 nəfərin öldüyü bildirilib.

Nazirlik donun bazar ertəsi səhər saatlarında Rusiyanın Saratov vilayətindəki Engels hərbi aerodromuna yaxınlaşaraq, aşağı hündürlükdə uçduğunu və aerodromda ölən 3 nəfərin Rusiya hərbçiləri olduğunu bildirib.

Baza Rusiya qüvvələrinin fevral ayında hərbi müdaxiləyə başladığı Ukraynada cəbhə xəttindən yüzlərlə kilometr aralıda yerləşir.

Rusiya Ukraynanın pilotsuz təyyarələrinin dekabrın 5-də eyni bazaya hücum etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə video-müraciətində Milad bayramı münasibətilə təbriklərini çatdırarkən "bizim yaşamağımız üçün əllərindən gələni edənlərə" təşəkkür edib.

O, ön cəbhədə olanlar və daha da irəliləməyə çalışan hərbçilər, təmirçilər, kommunal xidmət işçiləri, könüllülər, tibb bacıları, bütün tibb işçiləri, təhsil işçiləri və internet texnologiyası mütəxəssisləri və Ukraynanın möhkəm dayanmasına yardım edən hər kəsə təşəkkürünü bildirib.

Zelenski həmçinin həqiqəti yayan jurnalistlərə, Ukraynanı dəstəkləyən dünya liderlərinə və xalqlarına təşəkkür edib.

O həmçinin ehtiyatlı olmağa çağırıb. "Bu ilin sayılı günləri qalıb. Bilməliyik ki, düşmənimiz bu vaxtı bizim üçün qaranlıq və çətin etməyə çalışacaq"- deyə, Zelenski bildirib. "Rusiya bu il çox şey itirdi. Lakin itkilərini ölkəmizə, enerji sektorumuza endirdiyi raket zərbələrindən sonra öz təbliğatçılarının lovğalanması ilə kompensasiya etməyə çalışır," o qeyd edib.

Rusiya prezidenti Vladimir Putin bazar günü dövlətin "Rossiya 1" televiziyasına ölkəsinin Ukraynada müharibədə iştirak edən bütün tərəflərlə danışıqlara hazır olduğunu, lakin Kyiv və onun Qərb himayədarlarının danışıqlardan imtina etdiyini deyib.

Fevralın 24-də Ukraynaya müdaxilə edən Kreml bütün məqsədlərinə çatana qədər mübarizə aparacağını, Kyiv isə Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krım da daxil olmaqla, Rusiyanın bütün əsgərlərini Ukrayna ərazisindən çıxarmayana qədər rahat olmayacağını bildirib.

"Biz məqbul həll yolları ilə bağlı hər kəslə danışıqlar aparmağa hazırıq, lakin bu, onlardan asılıdır. Danışıqlardan imtina edən biz deyilik, onlardır", Putin müsahibəsində deyib.

Prezident Zelenskinin müşaviri Mixaylo Podolyak deyib ki, Putin reallığa qayıtmalı və danışıqları aparmaq istəməyənin Rusiyanın olduğunu etiraf etməlidir.

XS
SM
MD
LG