Accessibility links

"Aclıq Rusiyanın müharibədə istifadə etdiyi komponentlərindən biridir"


"Aclıq Rusiyanın müharibədə istifadə etdiyi komponentlərindən biridir"
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Rusiya həftə sonu Ukraynaya indiyə qədər ən güclü pilotsuz təyyarə zərbələrini endirib. Kyiv biri istisna olmaqla, onların hamısını məhv etdiyini, lakin dağıntıların bir neçə nəfərin xəsarət almasına səbəb olduğunu və binalara ziyan vurduğunu deyir. BMT-nin yüksək səviyyəli rəsmisi Ukrayna ilə həmrəyliyi davam etdirməyə çağırıb.

Rusiyanın pilotsuz təyyarələrinin Ukraynanın paytaxtına hücumu zamanı hava hücumu sirenləri səslənir. Paytaxt administrasiyasının rəhbəri Serhiy Popko bunu "Kyivə dronlarla edilən ən kütləvi hücumu" adlandırıb. Ukrayna Hərbi Hava Qüvvələri İran istehsalı olan 75 pilotsuz təyyarədən 74-nü vurduğunu bildirib.

Ukraynanın Energetika Nazirliyinin məlumatına görə, şənbə günü dalğalarla gələn hücum altı saatdan çox davam edib və regionda 17 min insanı işıqsız qoyub.

Bu, həm də Holodomor Soyqırımının 90-cı ildönümünə təsadüf edib.

Holodomor Ukraynanın taxıl istehsalına nəzarəti ələ keçirmək üçün o vaxtkı Sovet lideri İosif Stalinin 1932-33-cü illərdə təşkil etdiyi kampaniya idi və aclıq və ya aclıqdan ölüm deməkdir. O zaman azı 3 milyon yarımdan 7 milyona qədər ukraynalı ölmüşdü. Minnesota Universitetinin məlumatına görə, bu rəqəmlər olduğundan az göstərilə bilər.

Məhz bu fonda İtaliyanın baş naziri Corciya Meloni Holodomorun anım günü ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenskiyə video-müraciət göndərib.

Onun sözlərinə görə, onun hökuməti Kyivin “Ukraynadan taxıl” humanitar ərzaq proqramını davam etdirmək qərarını alqışlayaraq, səylərə əlavə 2,2 milyon dollarlıq töhfə elan edi. Proqramın bir hissəsi olaraq, Ukrayna öz taxılını ərzaq çatışmazlığı və aclıqla üzləşən Afrika və Asiya ölkələrinə tədarük etmək üçün ölkələr və özəl sektor donorları ilə əməkdaşlıq edir.

BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Moskvanı yenə 1930-cu illərin əvvəllərindəki kimi eyni taktikadan istifadə etməkdə ittiham edib. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergiy Kislitsa: "Aclıq Rusiyanın genişmiqyaslı müdaxiləsinin ilk günündən bəri müharibədə istifadə etdiyi müxtəlif komponentlərindən biridir. Bunlara Ukraynanın ərzaq ixracının qarşısını almaq, Ukrayna limanlarını və taxıl anbarlarını atəşə tutmaq, Ukraynanın münbit torpaqlarını minalamaq və onları döyüş meydanına çevirmək daxildir".

Rusiyanın pilotsuz təyyarələrinin zərbələrindən sonra Zelenski və Avropa liderləri Kyivdə ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə görüşüblər.

Onun sözlərinə görə, xarici tərəfdaşlar Ukrayna limanlarından yük gəmi karvanlarını müşayiət etmək və qorumaq üçün Ukraynaya gəmilər verəcək.

Növbəti hava hücumu sireni birgə keçirilən mətbuat konfransını yarımçıq qoymazdan əvvəl Zelenski əlavə edib ki, ölkəsi hava hücumundan müdafiə sahəsində çatışmazlığı tərəfdaşlardan yeni təchizat və Ukraynanın öz istehsal gücünü artırmaqla həll etməyə ümid edir.

Rusiyanın paytaxt Kyivə hücumu nəticəsində ən azı 5 mülki şəxs yaralanıb, vurulan dronların parçaları bir uşaq bağçası da daxil olmaqla, bir neçə binanı zədələyib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, yaralananlar arasında 11 yaşlı uşaq da var.

Forum

XS
SM
MD
LG